“Qazaxıstanla Azərbaycan arasında turist axını artacaq”
17-iyn, 11:18 7 Cəmiyyət
“Bakı-Şımkent-Bakı birbaşa aviareysinin açılması Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafında böyük üstünlüklər yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Şimkent şəhərinin Turizm, Xarici Əlaqələr və Kreativ sənaye İdarəsinin rəhbəri Beksultan Adilxanov Şımkent şəhərində turizm operatorları və media nümayəndələri ilə görüşdə deyib.
B.Adilxanovun sözlərinə görə, Bakı-Şımkent-Bakı birbaşa aviareysinin açılması Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafına böyük təkan verəcək.
O bildirib ki, sözügedən aviareysin açılması iki ölkə arasında əlaqələr üçün böyük üstünlükdür: “Bu məqamda qeyd etmək istərdim ki, Şımkent tutduğu əraziyə görə Qazaxıstanın ən böyük, həmçinin ən tarixi şəhəridir. Şımkent hazırda dinamik şəkildə inkişaf edir, şəhərdə yeni turizm obyektləri tikilir. Hazırda şəhərdə 170-ə yaxın yerləşmə mərkəzi fəaliyyət göstərir, bu il isə beşulduzlu hotelin tikintisi planlaşdırılır. Şəhərdə turizm infrastrukturu da hər il inkişaf edir. Bu il iyunun 19-da Şəhər Günündə biz “Etnaul”u istifadəyə veririk.
Şımkent 2018-ci ildə respublika əhəmiyyətli status alaraq birbaşa hökumətin tabeliyinə keçib. Şəhərin yerləşdiyi ərazi çox əlverişlidir. Bura gələn turistlər avtomobillə Türküstana, Daşkəndə gedə bilər, həmçinin şəhərimizdən 1,5 saat məsafədə yerləşən milli parklarımızı görə bilərlər”.
***
“Bakı-Şimkent-Bakı arasında birbaşa reysin açılması Qazaxıstanla Azərbaycan arasında turist axınına birbaşa təsir göstərəcək”.
Bunu Şimkent şəhərinin Turizm, Xarici Əlaqələr və Kreativ sənaye İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, turistlər bu və ya digər istiqaməti seçərkən, ilk növbədə şəhərlər arasında birbaşa istiqamətə, birbaşa hava əlaqəsinə baxırlar: “Bu, əlbəttə ki, turistlər üçün rahatlıq yaradır. Və mən elə hesab edirəm ki, həm Bakıdan Şimkentə, həm də Şimkentdən Bakıya çox sayda turist axını olacaq. Biz bunun üzərində işləyəcəyik”.
B.Adilxanov həmçinin qeyd edib ki, bu gün iki ölkənin turoperatorları arasında imzalanan memorandum və müqavilələr çərçivəsində birgə turizm marşrutları olacaq.
Günel İbrahimova






