DAŞKƏSƏN ŞƏHİDLƏRİ ÇAVUŞ RÜFƏT SADIQOVUN VƏ ƏSGƏR NİHAD VERDİYEVİN ANIM GÜNLƏRİ KEÇİRİLİB


Dekabrın 19-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi çavuş Sadıqov Rüfət Vaqif oğlunun anım günü, Gəncə Şəhidlər Xiyabanında isə şəhid əsgər Verdiyev Nihad Nicat oğlunun doğum günü qeyd olunub.
İldönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qərb regionu üzrə nümayəndəsi, axund Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatların rəhbərləri, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəl Daşkəsən Şəhidlər Xiyabanında Rüfət Sadıqovun, sonra Gəncə Şəhidlər Xiyabanında Nihad Verdiyevin məzarları ziyarət olunub, güllər düzülüb, xatirələri yad edilib, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlərin ailələrinə Daşkəsən rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.
İcra başçısı Əhəd Abıyev çıxışında vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi tariximizin şanlı salnaməsidir, şəhidlərimiz və qazilərimiz isə bizim hər zaman qürur mənbəyimizdir. Dövlət rəhbərimiz cənab İlham Əliyevin Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri, yeni obyektlərin açılışlarında və ən müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etmələri, habelə aparılan irimiqyaslı nəhəng abadlıq-quruculuq və bərpa işləri hər birimizdə dövlətimizə sonsuz inam və qəlbimizdə iftixar hissi yaratmaqla yanaşı, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri yüksək diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
Daha sonra icra başçısı Əhəd Abıyev ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramov Gəncə şəhərində şəhid Nihad Verdiyevin xatirəsinə tikilmiş bulağın açılışında və ehsan süfrələrində iştirak ediblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini