“Məktəbdən başlanan həyat” adlı uşaq istirahət guşəsi istifadəyə verilib.
25-mar, 16:56 11 Gündəm / Təhsil
“Xezertv.info” xəbər verir ki, Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif şagirdləri üçün yaradılan “Məktəbdən başlanan həyat” adlı uşaq istirahət guşəsinin açılışı olub. Bu məkan sadəcə rəngli dekor deyil, hər detalı düşünülmüş və zəhmətlə ərsəyə gətirilmiş bir ideyanın nəticəsidir. Divar rəsminin müəllifi, məktəbimizin Təsviri İncəsənət müəllimi Əfsanə Teymurova, bu əsəri 1 il müddətində hissə-hissə yaradaraq təhsil müəssisəsində uşaqlar üçün estetik, rahat və ruhlandırıcı mühit formalaşdırıb.
Divarlarda məktəb binası fonunda müxtəlif peşələri təmsil edən obrazlar canlanır – həkim, müəllim, polis, hərbçi, aşpaz, idmançı, kosmonavt… Hər biri bir arzunu, bir məqsədi, bir gələcək hekayəsini ifadə edir. Bu rəsmlər sanki uşaqlara pıçıldayır: “Sənin yolun da buradan başlayır.”
Divar rəsmlərində yer alan yasəmən və söyüd ağacları təsadüfi seçilməyib. Rəssamımız Əfsanə müəllimə qeyd edib ki, bu motivlərdə İlyas Əfəndiyevin “Yasəmən ağacı” və “Söyüdlü arx” əsərlərindən ilhamlanıb. “Yasəmən ağacı” hekayəsində Aslan müəllimin məktəbin həyətində əkdiyi açıq bənövşəyi, salxım-salxım yasəmən məktəbə bağlılıq və mənəvi yaddaş rəmzidir. Rəssam “Yasəmən ağacı” hekayəsinin motivini bir zamanlar məktəbimizdə 30 il fəaliyyət göstərmiş və gənc nəslin təlim-tərbiyəsində mühüm xidmətləri olmuş, babası Aslan Nəsirovun xatirəsinə ithaf etdiyini vurğulayıb. “Söyüdlü arx”da isə torpaq və su ilə bağ quran insanın daxili zənginliyi, təbiətin bəxş etdiyi sakitlik və güc tərənnüm olunur. Bu ədəbi məna divar rəsmlərində təbiət obrazları vasitəsilə əks olunaraq guşəyə xüsusi dərinlik qatır.
Yaşıl qazon örtüyü, sarmaşıqlar, ağaclar və kəpənəklərlə bəzədilmiş yelləncək məkana canlılıq və təbiilik bəxş edir. Burada yaradılan şərait uşaqların həm rahat istirahəti, həm də estetik zövqünün formalaşması üçün mühüm addımdır. Bu guşə böyük zəhmətin, yaradıcılığın və məktəb mühitinə dəyər qatmaq istəyinin nəticəsidir. “Məktəbdən başlanan həyat” sadəcə bir ad deyil — bu, gələcəyə atılan inamlı addımın simvoludur. Balacalar üçün qurulan bu rəngli dünya onların məktəb xatirələrində uzun illər yaşayacaq.




















Fərid Faiqoğlu





