Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-avq, 19:24 11 Gündəm / Səhiyyə
Həkim Pərvaz Kişiyevin peşə fəaliyyəti ilə bağlı yaranan suallar artıq yalnız sosial şəbəkələrdə deyil, ictimaiyyət arasında da müzakirə olunan məsələlərdən birinə çevrilib. Söhbət insan sağlamlığı ilə birbaşa əlaqəli olan tibbi fəaliyyətdən getdiyindən, həkimin hansı ixtisas üzrə çalışması və həmin fəaliyyət üçün qanunvericiliyin tələb etdiyi peşəkar əsasların mövcudluğu məsələsi açıq şəkildə aydınlaşdırılmalıdır.
Redaksiyamıza daxil olan məlumatlara və daha əvvəl yayımlanan materiallara əsasən, Pərvaz Kişiyevin əsas ixtisası üzrə fəaliyyət göstərmədiyi, buna baxmayaraq bəzi sosial media platformalarında özünü estetik LOR həkimi kimi təqdim etdiyi və bu istiqamətdə xidmətlərini reklam etdiyi bildirilir. Məhz bu məqam ictimaiyyət arasında haqlı suallar və narazılıq yaradıb.
Əgər bir şəxs müəyyən ixtisas üzrə fəaliyyət göstərmirsə, lakin digər tibbi ixtisas üzrə özünü mütəxəssis kimi təqdim edərək tibbi xidmətləri reklam edirsə, özünü tiktoker və digər sosial şəbəkələrdə estetik LOR həkimi kimi qələmə verirsə, burada hüquqi və peşəkar baxımdan aydınlıq tələb edən ciddi suallar meydana çıxır. Pasiyent hər hansı həkimə müraciət edərkən onun ixtisasına, təcrübəsinə və müvafiq peşə səlahiyyətlərinə güvənir. Bu baxımdan ictimaiyyətin belə məsələlərə münasibət bildirməsi tamamilə başadüşüləndir.
Daha çox diqqət çəkən məqam isə redaksiyamız tərəfindən aidiyyəti qurumlara ünvanlanan sorğuların cavabsız qalmasıdır. Pərvaz Kişiyevin hansı ixtisas üzrə sertifikasiyadan keçməsi, hazırda hansı ixtisas üzrə tibbi fəaliyyət göstərməsi və LOR həkimi kimi fəaliyyətinin hüquqi əsaslarının olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciətlər edilib.
Eyni zamanda, Pərvaz Kişiyevin LOR həkimi kimi fəaliyyət göstərdiyi bildirilən “VIP Milan Hospital”a da məsələ ilə bağlı rəsmi sorğu göndərilib. Lakin redaksiyanın əldə etdiyi məlumata görə, bu müraciətlərə indiyədək konkret və ictimaiyyət üçün aydın cavab verilməyib.
Burada haqlı olaraq sual yaranır: TƏBİB, Səhiyyə Nazirliyi və “VIP Milan Hospital”a göndərilən sorğulara niyə rəsmi cavab verilmir?
Əgər Pərvaz Kişiyevin estetik LOR həkimi kimi fəaliyyət göstərməsi bütün qanuni tələblərə cavab verirsə, bunun rəsmi şəkildə təsdiqlənməsi nə üçün mümkün deyil? Əgər onun müvafiq sertifikasiyası və ixtisası varsa, aidiyyəti qurumların bunu açıqlaması ictimaiyyət üçün də, həmin həkim üçün də ən düzgün yol olmazdımı?
Əksinə, susqunluq vəziyyəti daha da mürəkkəbləşdirir və yeni suallar doğurur. Tibbi sahədə şəffaflıq xüsusilə vacibdir. Çünki burada söhbət yalnız bir şəxsin peşə fəaliyyətindən deyil, pasiyentlərin sağlamlığı və təhlükəsizliyindən gedir.
Əlbəttə, redaksiyamız Pərvaz Kişiyevin fəaliyyətinin qanunsuz olması barədə yekun hökm vermir. Belə bir nəticə yalnız rəsmi sənədlər, müvafiq dövlət qurumlarının araşdırması və qanuni prosedurlar əsasında müəyyən edilə bilər. Lakin ortaya çıxan sualların cavabsız saxlanılması da qəbuledilən vəziyyət deyil.
Hesab edirik ki, məsələnin obyektiv və hüquqi müstəvidə araşdırılmasına ehtiyac var. Əgər tibbi fəaliyyət və ixtisas məsələsi ilə bağlı əsaslı şübhələr mövcuddursa, aidiyyəti hüquq-mühafizə və nəzarət orqanları məsələ ilə məşğul olaraq bütün hallara hüquqi qiymət verməlidir.
İctimaiyyətin bilməyə haqqı var: Pərvaz Kişiyev hansı ixtisas üzrə fəaliyyət göstərir? Estetik LOR həkimi kimi təqdim olunmasının və reklam edilməsinin hüquqi əsası nədir? Onun bu sahədə tibbi müdaxilələr həyata keçirməsi üçün tələb olunan sertifikasiya və digər sənədlər mövcuddurmu?
Bu sualların cavabı nə qədər gecikərsə, məsələ ətrafında şübhələr və narazılıqlar da bir o qədər artacaq.
Redaksiyamız bir daha bildirir ki, məqsəd hər hansı şəxsi əsassız ittiham etmək deyil. Məqsəd ictimai əhəmiyyət daşıyan məsələyə aydınlıq gətirilməsidir. Səhiyyə Nazirliyinin, TƏBİB-in, “VIP Milan Hospital”ın və Pərvaz Kişiyevin mövqeyini dərc etməyə hazırıq.
Cəmiyyət cavab gözləyir. Aidiyyəti qurumlar isə bu suallara nəhayət, rəsmi şəkildə aydınlıq gətirməlidir.
Araşdırma davam edir. Davamı var...





