Mehriban Əliyeva böyük humanizm, mərhəmət timsalıdır
24-avq, 10:58 125 GündəmHər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında, həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir.
2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Fond bununla yanaşı, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir! Bu keyfiyyətin cilalanmasında və inkişafında Azərbaycanın birinci xanımının böyüdüyü ailənin rolu çox böyük olmuşdur. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir.
Azərbaycanın birinci xanımı gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirib. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur. Bu bağlılıqda səhiyyə sahəsinə yardımların göstərilməsi önəm daşıyır. Mehriban xanım bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atır. O, xüsusilə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır. Belə ki, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradıb. İndi Talassemiya Mərkəzi minlərlə insanın ümid yerinə çevrilib.
Azərbaycanın birinci xanımının humanistliyinə bir sıra xarici ölkələrə göstərdiyi yardımlar da dəlalət edir. ABŞ, Türkiyə, Rumıniya, Rusiya və başqa ölkələrdə Heydər Əliyev Fondu öz filialları vasitəsi ilə təbii fəlakətlərdən (zəlzələdən, torpaq sürüşmələrindən, yanğınlardan) ziyan çəkən insanlara yardımlar etməkdədir. Məsələn, 2012-ci il iyunun 14-də – Beynəlxalq Donorlar Günündə Pakistanın Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili verilib. Həmzə Xeyriyyə Fondu talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirir. Bunlarla yanaşı, Mehriban xanım Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbinin yenidən inşasına öz töhfəsini verib.
Bunlardan başqa, təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniyaya və Haitiyə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yardımlar göstərilib. Azərbaycanın terrordan çox əziyyət çəkdiyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı edib. Həmin yardım Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili üçün ayrılıb.
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik kursunun etibarlı davamçılarındandır. Bu ideyalara söykənərək möhkəm dayaqlar üzərində qərarlar tutan Mehriban Əliyeva xalqının rifah halının yaxşılaşması yolunda çəkdiyi zəhmətin səmərəsi öz nəticəsini hər zaman yüksək səviyyədə vermiş oldu. Bu il qələbə ili olaraq xalqımızın yaşadığı sevinc Mehriban xanım Əliyevanın bir ana kimi çəkdiyi qayğılara söykəndi.
Hörmətli Mehriban xanım ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, firavan ömür və həmişə şərəf zirvəsində olmağınızı arzulayırıq.
Biz Azərbaycan xalqı Sizinlə fəxr edirik!
Hazırladı: Vüqar Əsədov