GİKM tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər təşkil edilib


Ölkəmizin bütün hərbi gücünü əhatə edən, Azərbaycanın hərbi qüdrətinin və milli müdafiə qabiliyyətinin simvolu olan Silahlı Qüvvələr Günü Azərbaycan ordusunun formalaşması və inkişafının təməl daşlarını xatırlamaq, həmçinin Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqları anmaq üçün xüsusi əhəmiyyət daşıyır. Hər il 26 iyun tarixində ölkəmizin Silahlı Qüvvələrinin yaradılması və gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər qeyd olunur. 

Əsas fəaliyyət istiqamətlərindən biri vətənpərvərlik və dövlətçilik olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən Azərbaycanın şəhər və rayonlarında bir sıra fəaliyyətlər həyata keçirilib. 

Region gəncləri ilk olaraq Şəhidlər xiyabanını ziyarət edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizi qürurla anıblar.

Fəaliyyətlər dəyirmi masa, görüşlərlə davam edib. Baş tutan görüşlərdə əlamətdar günün vacibliyi diqqətə çatdırılıb, gənclərimizə Azərbaycanın hərbi tarixi haqqında geniş məlumatlar təqdim edilib. “Polkovnikin əmanəti”, “Kod adı: “Yaşma”,  “Mübariz filmi”, “Vətən müharibəsi anbaan” filmləri nümayiş olunub.

Gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual turnir və tir atıcılığı yarışı keçirilib, qaliblər mükafatlandırılıb.

Keçirilən fəaliyyətlərin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək və onlara milli təhlükəsizlik və müdafiə məsələlərinin vacibliyini izah edərək, ölkəmizin müdafiəsində mühüm rol oynayan Silahlı Qüvvələrimizin əhəmiyyəti haqqında ətraflı məlumat verməkdən ibarət olub.

Azərbaycanın güclü, qətiyyətli və sarsılmaz ordusu ilə qürur duyuruq!