Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən yarımillik hesabat təqdim edilib
21-avq, 14:45 41 GündəmGənclərin İnkişaf və Karyera Mərkəzinin 2024-cü ilin I yarımili ərzində keçirdiyi fəaliyyətlərinin göstəricilərindən ibarət hesabatın təqdim edildiyi görüş keçirilib.
Şamaxı rayonunda keçirilən görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, GİKM-in Baş direktoru Azər Əliyev, eləcə də baş ofisin nümayəndələri, regional nümayəndəliklərin koordinatorları iştirak edib.
İlk olaraq çıxış edən Qədir Xəlilov bu müddət ərzində GİKM tərəfindən gənclərin inkişafı və karyera quruculuğuna yönəlmiş bir sıra mühüm layihələrin həyata keçirildiyini, xüsusilə, gənclərin peşəkar bacarıqlarının artırılması istiqamətində apardığı fəaliyyətlərin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Azər Əliyev görülən işlərin hesabatını təqdim edib. Bildirilib ki, GİKM-in fəaliyyəti yalnız regionlarda deyil, həm də paytaxtda geniş miqyas alıb. Qeyd edib ki, bu müddət ərzində 1500-dən çox fəaliyyət icra olunub və nəticədə 50 mindən çox gənc əhatə olunub.
Görüşün gedişatında qarşıya qoyulan hədəflər, növbəti aylar üzrə yeni fəaliyyətlərin müzakirəsi aparılıb və təkliflər dinlənilib.