Bölgələrdə işsizlik niyə çoxalır? (ŞƏRH)
24-avq, 11:25 34 Gündəm"Əyalətdə vətandaşların iqtisadi fəallığı çox aşağıdır".
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Akif Nəsirli 2024-cü ildə ən az maaş alan rayonların statistikasından danışarkən deyib.
Ekspert ölkə iqtisadiyyatında disbalansın olduğunu vurğulayıb:
"Məsələn, Abşeron yarmadası və ona bitişik ərazilər dövlət büdcəsinin 90%, ixracatın 95%-ini təşkil edir. Yəni, ölkə iqtisadiyyatının 90-95%-i Abşeron yarmadası və onun ətrafında formalaşır. İqtisadi disbalans yarandığına görə iqtisadi fəallıq bölgələrdə az olduğu üçün sözsüz ki, orta aylıq əmək haqqı aşağıdır".
Ekspert hesab edir ki, Azərbaycanın qarşısında duran ən vacib vəzifə iqtisadiyyatın balanslı şəkildə ölkə ərazisinə yayılmasıdır:
"Bu disbalansın həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim iqtisadiyyatımızın 60%-ini neft hasilatı və neft məhsulları tutur. Neft və neft məhsulları Abşeron yarmadasında və Xəzər dənizində istehsal edilir. Hökumət iqtisadi siyasəti ilə mümkün qədər iqtisadiyatı ərazi üzrə paylaşdıra bilər. Məsələn, Qaradağ sement zavodu var. Onu başqa bir ərazisinə köçürtmək olar. Hələ zavodun kompensasiyasını da vermək mümkündür".
Akif Nəsirli əlavə edib ki, bölgələrdə məhsul istehsalını stimullaşdırmaq və yetişdirilən məhsulların emalının təşkili də müsbət hadisə olardı:
"Məsələn, Avropa standartlarına görə, kənd təsərrüfatı ilə məşğul olan 18 min sakinə bir emal zavodu düşür. Azərbaycanın hansı rayonunda bu şərt ödənilir? Yüz min əhalisi olan rayonda əmək qabiliyyətli əhalinin sayı 60 mindir. Bir rayona 3 emal zavodu düşür. Varmı belə qayda? Bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı 4-cü proqram həyata keçirilsə də onun reallaşdırdığı məsələlərin hamısı kosmetikdir. Yəni rayonun iqtisadiyyatına o qədər də ciddi təsir göstərmir. Ən rentabelli rayon İmişlidir. Orada bir neçə zavod var. Digər rayonlarda da bunu həyata keçirtmək lazımdır. Belə olanda iş yerlərinin sayı ilə bağlı əmək haqqları da artacaq".
Akif Nəsirli hesab edir ki, əgər iqtisadiyyat ölkə üzrə yayılsa o zaman Bakıda tıxaclar azalacaq:
"Bakının sənaye mərkəzlərini bölgələrə köçürtmək lazımdır. Məsələn, Sumqayıtda "Texnopark” açıblar. Onu Yevlax rayonuna köçürmək olar".
Qeyd edək ki, 2024-cü il iyul ayının 1-nə olan məlumata görə, ən az maaş alan rayonların adları açıqlanıb. Məlumatda ən az orta aylıq nominal əməkhaqqı olan rayon Qax rayonu olub. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rayonda orta aylıq nominal əməkhaqqı 532 manat olub. Bu rayonda muzda çalışan işçilərin sayı 9 min 900 nəfər olub.
Bahar Rüstəmli