Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə getmədən doğumun, ölümün, atalığın müəyyən edilməsi elektron qaydada qeydə alınması mümkündür
17-noy, 11:07 222 Gündəm / Cəmiyyət
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən uzun illərdir ki , vətəndaşlar üçün Ədliyyə Nazirliyinin saytı e-xidmətlərin siyahısından adın, ata adının və soyadının dəyişdirilməsinin, atalığın müəyyən edilməsinin, doğumun, nikahın, nikahın pozulmasının, ölümün, övladlığa götürmənin, soyad sonluğunun dəyişdirilməsinin, Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumatın verilməsi ilə bağlı elektron müraciət etmək imkanı yaradılmışdır. Qeyd edək ki, gün bə gün elektron müraciət edənlərin sayı artmaqdadır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən daha yeni bir imkan yaradılmışdır ki, artıq vətəndaş “Elektron hökümət” və “Mobil notariat” tətbiqindən istifadə edərək doğumun, atalığın müəyyən edilməsi, ölümün dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edərək qeydiyyat şöbələrinə gəlmədən müvafiq elektron şəhadətnamə və arayış əldə edə bilərlər.
Ümumiyyətlə son illər baş verən mütərəqqi sosial-iqtisadi dəyişikliklər, əhalinin rifahının gün bə gün yüksəlməsi demoqratik inkişafa, nikah və doğumun sayının artmasına təsir göstərmişdir. Bununla əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən ədliyyə orqanlarının da fəaliyyəti təkmilləşdirilmiş. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasında dəyişikliklərə əsasən “Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər.” “Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.” “Doğumun, ölümün və atalığın müəyyən edilməsinin elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür”.
Həmçinin doğumun, ölümün dövlət qeydiyyatına alınması, təkrar şəhadətnamələrin verilməsi ilə bağlı Qanunvericilikdəki dəyişikliyə əsasən artıq doğum və ölüm barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı və ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, təkrar şəhadətnamənin verilməsi üçün isə maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.
Xatırlatmaq istayirik ki, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətdə müraciət edilmədikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə 10 manat məbləğində cərimə ödənilməlidir. Tövsiyəmiz valideynlərə övladlarının doğumunu qeydə alınması üçün Qanunvericilkdə göstərilən müddət ərzində müraciət etsinlər.
Bundan başqa Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarda yeni dəyişikliklərə əsasən “Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir” və “Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir”. “Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.” “Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır”.
Qısası əvvəlki illərdə doğumun, ölümün, təkrar şəhadətnaməlirin alınması ilə bağlı, vətəndaşlıq vəziyyəti akt qeydlərindəki dəyişikliklər ilə bağlı, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası ilə bağlı vətəndaşlar qeydiyyatda olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edirdilərsə indi Qanunvericilikdə ki dəyişkliyə əsasən istənilən qeydiyyat şöbəsinə müraciət edə bilmək imkanı yaradılmışdır.
Belə ki, Qanunvericilikdə bu və digər yeni dəyişikliklər əsasında göstərilən elektron xidmətlər və qeydiyyat məhdudiyyətinin aradan qaldırılması vətəndaşların məmnunluğunun artırılması , əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin etməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara şərait yaradılmışdır.
Aytən Muradova
2 saylı Bakı “ASAN xidmət” mərkəzində
fəaliyyət göstərən Ədliyyə Nazirliyinin
qeydiyyyat şöbəsinin rəisi kiçik ədliyyə müşaviri