Robert Sekuta: “Sülh müqaviləsinin bağlanması üçün kömək etməliyik”
06-noy, 12:57 215 Siyasət“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi, regionda söz sahibinə çevirdi”.
Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunun “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır:
“Azərbaycanın sülh müqaviləsinin imzalanmasına meyilliliyi çox vacibdir. Bu, çox asan başa gəlmir. Çünki iki tərəf sülhə əminlik hissinə malik deyil. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq”.
Robert Sekuta hesab edir ki, 30 il davam edən düşmənçilik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib: “Biz artıq yaxşı qonşuluq münasibətlərindən bəhs edirik. Azərbaycan və ermənilər daha əvvəl qarışıq nikaha gedirdilər. Amma indi gənc nəsildən söhbət etsək, belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənçilik var. Bu da sülhün bərpa olunması üçün iki ölkə rəhbərindən müəyyən zaman tələb edir”.
Robert Sekuta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunmasını təklif edib: “Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalmalıdır, bu barəsində danışıqlar aparılmalıdır. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq daha çox inkişaf etməlidir. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər. Biz də formal şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu təşəbbüs kimi irəli sürə bilərik”.