Vaqif Əsədovdan sürücülərə müraciət: "Bu avtomobillər yola çıxmasın"
24-noy, 13:02 188 CəmiyyətBakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
"Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etmişdi.
Bu xəbərdarlıqdan sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib ki, edilən xəbərdarlığa əsasən ölkə ərazisində havanın kəskin dəyişməsi, küləyin sürətinin artması yollarda müxtəlif problemlərə səbəb ola bilər.
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı qurum rəsmisi sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini və əgər yola çıxmaq məcburiyyətində qaldıqda xüsusilə sürət hədlərinin yüksək olduğu yerlərdə hava şəraitinə uyğun sürəti müəyyənləşdirməyi məsləhət görüb.
“Bir müddət əvvəl küləyin sürətindən yollarda iri yük avtomobilləri aşmışdı. Bundan başqa, güclü külək səbəbindən yollarda müxtəlif qəzalar baş vermişdi. Bu səbəbdən sürücülər yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Yüngül minik maşını sürücüləri də yollarda hərəkət edərkən maksimum diqqətli olmalıdırlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar. Aşma ehtimalı olan ağacların altında avtomobil saxlamaq olmaz”, - deyə Vaqif Əsədov bildirib.
Qurum rəsmisi onu da əlavə edib ki, əgər ehtiyac yaranarsa, müəyyən magistrallarda sürət həddi endirilə bilər.