“Meta” 8 min nəfəri ixtisar edir
24-apr, 09:53 8 Dünya
Texnologiya nəhəngi “Meta Platforms” işçi qüvvəsinin təxminən 10 faizinə bərabər olan 8000 nəfəri ixtisar edəcəyini və eyni zamanda, 6000 vakant vəzifəni bağlayacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, şirkət bu addımı süni intellekt sahəsinə investisiyaları artırmaq və əməliyyat səmərəliliyini yüksəltmək məqsədilə atır.
Qərarın “Meta”nın baş icraçı direktoru tərəfindən əməkdaşlara bildirildiyi qeyd olunur. İxtisarların 20 maydan etibarən qüvvəyə minəcəyi bildirilir. Eyni zamanda, şirkət bəzi yeni işə qəbul proseslərini də müvəqqəti dayandırıb.
Məlumata görə, “Meta” hazırda əsas strateji prioritetini süni intellekt və “super zəka” texnologiyalarının inkişafına yönəldib. Şirkət bu istiqamətdə məlumat mərkəzləri və süni intellekt infrastrukturuna milyardlarla dollarlıq investisiyalar planlaşdırır. Proqnozlara əsasən, bu xərclər yaxın illərdə kəskin şəkildə artacaq.
“Meta” süni intellekt laboratoriyalarına yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsinə və startapların alınmasına da fokuslanıb. Şirkət bu sahədə rəqabəti gücləndirmək üçün aktiv satınalmalar və kadr transferləri həyata keçirir.
“Meta”nın baş direktoru Mark Zukerberq süni intellektin yaxın illərdə şirkətin biznes modelini köklü şəkildə dəyişəcəyini bildirib. Onun sözlərinə görə, gələcəkdə bir çox layihələr daha az insan resursu ilə həyata keçirilə biləcək.
Qeyd edək ki, texnologiya sektorunda oxşar ixtisarlar digər iri şirkətlərdə də müşahidə olunur və əsas səbəb kimi süni intellektin iş proseslərini avtomatlaşdırması göstərilir.
İxtisar edilən əməkdaşlar üçün kompensasiya paketi də açıqlanıb. Plana əsasən, ABŞ-də çalışan işçilərə baza əməkhaqqı və əlavə ödənişlər daxil olmaqla dəstək paketləri təqdim olunacaq.





