2 milyonu mənimsəmək üçün qaçırılmasını səhnələşdirməkdə ittiham olunur

Meksikada qeyri-adi korrupsiya qalmaqalı gündəmə gəlib.
“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, Tenansinqo bələdiyyəsinin meri Nensi Napoles dövlət vəsaitlərindən təxminən 2 milyon ABŞ dollarını (3,4 milyon manata yaxın) mənimsəmək məqsədilə saxta qaçırılma hadisəsi səhnələşdirməkdə şübhəli bilinir.
Yerli prokurorluğun məlumatına görə, meri qaçırmaqda ittiham olunan üç nəfərin ifadələri əsasında istintaq başladılıb. Həmin silahlı şəxslər Napolesi qaçırmaqda və azad edilməsi qarşılığında 40 milyon peso (təxminən 2,3 milyon ABŞ dolları) ödəniş tələb etməkdə ittiham olunurlar. 
Lakin müstəntiqlərin versiyasına əsasən, plan ssenaridən kənara çıxıb. Belə ki, təsadüfi şahid ehtimal olunan qaçırılmanı görüb və polisə xəbər verib. Bu, hadisə iştirakçılarını hərəkətlərini dəyişdirməyə məcbur edib və nəticədə ehtimal olunan sxemin ifşasına gətirib çıxarıb.
Prokurorluq bildirir ki, istintaq zamanı ifadələrdə və hadisə versiyalarında uyğunsuzluqlar aşkar edilib. İstintaq saxta qaçırılma hadisəsinin arxasında merin ərinin və kürəkəninin dura biləcəyini güman edir. Məqsəd isə artıq büdcədən oğurlanmış vəsaitləri girov pulu adı ilə leqallaşdırmaq olub. 
Meksika Prezidenti Klaudia Şeynbaumun hakim “Morena” partiyasını təmsil edən Nensi Napolesə qarşı hələlik həbs orderi verilməyib. Lakin onun həyat yoldaşı və kürəkəni axtarışdadır.
Napolesin özü isə ittihamları rədd edib, həqiqəti müəyyən etmək və günahkarları cəzalandırmaq üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, həmçinin işi “siyasi motivli” adlandırıb.