LEYLA MƏMMƏDOVA: DAHİLİYİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ!
12-dek, 10:36 218 Gündəm / SiyasətBərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla Məmmədova
Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.
Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmışdır. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır.
Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. O, mahir siyasətçi kimi Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu. O dövrdə Heydər Əliyev respublikada partiya lideri olmaqla yanaşı həm də SSRİ Ali Sovetinin (VIII-XI çağırışlar) deputatı, yuxarı palatanın – İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X, XII çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərirdi.
Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. Ali Sovetin işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladılar. Respublikanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı, bu sahələr üzrə onlarla qanun və qərarlar qəbul edildi. Heydər Əliyev bu dövrdə respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi.
Heydər Əliyev respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım genişləndirirdi. Bu dövrdə onun xalqı qarşısında göstərdiyi ən böyük xidmətlərdən biri Azərbaycan dilinə dövlət dili statusu verilməsi idi. Belə ki, IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında, 1978-ci il aprelin 21-də Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Yeni Konstitusiyada respublika üçün ən əhəmiyyətlisi Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddənin qəbulu idi. O vaxtlar Sovet ideologiyası insanların yeni tarixi birliyi olan Sovet xalqının yaranmasını bəyan etmişdi.
Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Siyasi Olimpin Kreml zirvəsini fəth etmiş Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail oldu. Bu onun xarizmatik şəxsiyyəti və özünəməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı dövlət xadiminin fəaliyyəti təkcə Sovetlər İttifaqında deyil, hətta onun hüdudlarından kənarda da geniş əks-səda doğurmuşdur. Heç də təsadüfi deyildir ki, xarici mətbuatda onu “Sovetlərin dəmir müsəlman rəhbəri”, “Kremldəki türk” kimi dəyərləndirirdilər.
Heydər Əliyev İyunun 15-də xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident – parlament münasibətlərini özündə ehtiva edən Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.
Azərbaycan prezidenti cənab İlham Əliyev Milli Məclisdə çıxışında bu barədə belə demişdir: ”Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir… Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”.
Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi – ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq. Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin dövlərçilik irsinə daim müraciət ediləcək və Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi olaraq yaşayacaqdır!
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla Məmmədova