ABŞ səfirliyi: “Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır”
17-mar, 11:02 3 Gündəm
Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar “Trend”in sorğusuna cavab olaraq ABŞ-nin ölkəmizdəki səfirliyindən bildiriblər.
“ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir”, - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlikdən ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyi qeyd edilib.
“Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb”,- ABŞ səfirliyindən deyiblər.
Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.