Bir Qəhrəmanın gündəliyi…
28-may, 13:54 6 Gündəm / Sosial
Xüsusi Təyinatlı Qüvvələrin igid baş giziri, peşəkar kəşfiyyatçı Şərafəddin (kod adı Xanış) Xankişiyevin döyüş təəsüratlarını möhtərəm oxucularımızla bölüşürük…
Bu qələbə xəbəri digər qələbədən fərqli idi.
Keçmişə qayıdanda insanın ürəyi parçalanır...
Yadıma düşür o ağır günlər, keçdiyimiz yollar, gecə-gündüz bitməyən təlimlər, tökdüyümüz alın təri, çəkdiyimiz əziyyətlər... Hələ düşmən arxasına səssizcə kəşfiyyata getdiyimiz o qaranlıq gecələr. Hər addımda ölüm vardı, amma heç kim geri çəkilmirdi. Çünki hər birimiz bilirdik ki, bu yol Vətən yoludur...
Kecdiyim döyüşlər, 2012-ci ildə başlayıb, 2023-cü ildə antiterror əməliyatında bitdi. 2016-cı il Aprel döyüşü, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2021-ci il sərhədlərin bərpası, 2022-ci il sarsıdıcl zərbə ağır döyüş tapşırıqları və 2023-cü ilin Antiterror əməliyyatı... Bunların hər biri bizim ömrümüzə yazılmış ağır taleyin izləri idi.
Keçmişi xatırlayanda ən çox adamın ürəyini yandıran silah yoldaşları olur... İllərlə bir yerdə xidmət etdiyin, bir tikə çörəyi bölüşdüyün, eyni səngərdə donduğun, bir yerdə ilərlə döyüşdüyün qardaşlar... Bu gün onların çoxu yoxdur. Çox mərd, çox cəsur igidlərini torpağa tapşırdıq. Elələri oldu ki, heç ailə qurmağa macal tapmadı. Elələri oldu ki, övladını görə bilmədən şəhid oldu. Bəzilərindən sadəcə bir şəkil, bir xatirə, bir də köhnə səs yazısı qaldı...
İnsan bəzən düşünür... Dünən yan-yana döyüşdüyün qardaşın bu gün yoxdur. Bir vaxtlar gülən, zarafat edən, “qələbə ilə qayıdacağıq” deyən insanlar indi torpağın altında yatır. Amma o qəhrəmanların arzuları yarım qalsa da, onların canı bahasına Azərbaycan ayaqdadır, bayrağımız zirvədədir.
Bu yol haqq yolu idi...
Bu yol Vətən üçün canından keçən mərd oğulların yolu idi...
Bu yol gələcək nəslin rahat, azad və başı uca yaşaması üçün seçilmiş müqəddəs yol idi...
Bəli, çox ağır günlər gördük... Çox şəhid verdik... Çox can itirdik... Amma bir şey dəyişmədi — biz heç vaxt geri çəkilmədik. Çünki bilirdik ki, arxamızda bir millət, bir Vətən dayanıb.
Bu gün qələbənin sevincini yaşayırıqsa, o sevincin içində yüzlərlə qəhrəmanın yarım qalan həyatı, yarım qalan arzusu və müqəddəs qanı var...
Bu döyüş tapşırıqlarında həmişə qələbə qazansaq da, 2023-cü il Antiterror əməliyyatındakı qələbə bütün döyüş tapşırıqlarının və bütün qələbələrin fövqündə duran bir zəfər idi. Düzdür, döyüş cəmi 24 saat davam etdi, amma biz XTQ mənsubları həmin döyüşdə də həmişə ön sırada vuruşurduq və bu, çox ağır bir müharibə idi.
Bu qələbənin sevincini xalqa, millətə biz yaşatsaq da, bu zəfər həm də müharibənin tam bitməsi, xəritəmizin tam şəkildə bərpa olunması demək idi. Artıq 32 il həsrətlə adını çəkdiyimiz Xankəndi, Xocalı bizim əlimizdə idi. Bu qələbə digər qələbələrdən ona görə fərqli idi ki, Xocalıda şəhid olanların da qisasını almış bir qələbə idi. Bu zəfər şəhid qardaşlarımızın qisasının qələbəsi idi, illərin əziyyətinin, ağrısının və çəkilən zülmün qələbəsi idi.
Kim deyir kişilər ağlamır? O qələbə anında özümü saxlaya bilmədim. Şəxsi heyətdən ayrılıb yaxın bir məsafəyə getdim və hönkür-hönkür ağladım. Özümdən asılı olmayaraq, ağlaya-ağlaya uca səslə qışqırırdım. Sanki illərlə şəhid olan qardaşlarım bir-bir gözümün önünə gəlirdi. Elə bil illərin ağrısı canımdan çıxırdı.
Biz bu yolda çox zülm gördük, çox əziyyət çəkdik, silahdaşlarımızı itirdik. Amma şükür ki, bu günü gördük və Azərbaycan torpaqlarının bütövlüyü tam bərpa olundu. Biz güclü dövlətik. Bizim güclü və dünyada siyasəti ilə seçilən Ali Baş Komandanımız var. Biz isə onun rəhbərliyi altında Qarabağı tam azad edən XTQ-nin canavar ürəkli əsgərləriyik.
P.S. Bir qəhrəmanın dilindən bu hadisələri eşitmək çox çox ağrılıdı. Bəli... Müharibə budur... Dağıntılar, ölüm, itim, əllillik, sarsıntılar, qanqada, göz yaşları... Müharıbə adının dünya lüğətindən silinməsini arzulayan tək biz deyilik. Bu söz çoxlarının qapısını döydü və nə döydü.Sən nə dəhşətlisən müharibə, sən nə dəhşətlisən müharibənin gətirdiyi vaxtsız ölüm…
P.S.S. Böyük Kişilərin ağlamağı da böyükdür, əziz qəhrəmanımız. Bu hayqırtıdı, bir igidin itkilərdən yorğun düşmüş ruhunun hayqırtısıdır.Böyük kişilərin əməlləri kimi ağlamaları da möhtəşəmdir… Onların köksü Şəhid məzarlığıdır. Canlı şahidlərdi onlar… Əqidə Qardaşlarının əbədiyyət yolunun başlanğıcının canlı şahidlərindən biri- (kod adı Xanış) Şərafəddin Xankişiyev… "Vətən adına" and içərək bu anda 23 sadiq qalan cəsur kəşfiyyatçı…




