“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” - “The Travel” Azərbaycandan yazıb
19-mar, 11:29 157 Gündəm“Report” xəbər verir ki, bu fikirlər məşhur “The Travel” nəşrinin Azərbaycanla bağlı geniş məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, İngiltərənin paytaxtı Londondan Azərbaycanın baş şəhəri Bakıya təyyarə ilə uçuş təxminən altı saatdır. Azərbaycan çox cəlbedici ölkədir.
Hazırkı səs-küylü müasir Bakı şəhəri 1870-ci illərdən sonra canlanmağa başlayıb. 1900-cü ilə qədər Azərbaycan dünya neftinin yarıdan çoxunu istehsal edirdi.
Müəllif hündür binaların, xüsusən şəhərin hər tərəfdən ucalan simvolik Alov Qüllələrinin onu heyrətə gətirdiyini xüsusi vurğulayıb:
“Bakı Xəzər dənizinin sahilində yerləşir, sahilboyu Bakı bulvarı keçir. Bu, palma ağacları ilə örtülmüş geniş gəzinti yeridir”.
Yazıda qeyd edilir ki, müasir binalar həqiqətən yeniliyi ilə insanı şoka salır.
“Xoşbəxtlikdən qədim İpək Yolunun dayanacağı olan köhnə şəhər qorunub saxlanılıb. Onun orta əsr divarları ilə əhatə olunmuş dar dolama küçələri, məscidləri və abidələri YUNESKO-nun siyahısındadır, baxmayaraq ki, son illərdə çox şey yenidən qurulub. Dənizin düz kənarında yerləşən qədim Qız qalası və varlı zadəganların müharibə zamanı qiymətli əşyalarını saxladıqları yerdir. Onun beş metrlik divarları, demək olar, alınmaz idi, ona görə də belə adlanırdı və yuxarıdan Bakı buxtasına və İçərişəhərə geniş mənzərə açılırdı”.
Məqalədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsindən də bəhs edilir:
“Doqquz metrlik abidə 2008-ci il fevralın 26-da, Azərbaycan tarixində faciəli hadisə olan, əksəriyyəti ana və körpələrdən ibarət 600-dən çox insanın Ermənistan əsgərləri tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımının 16-cı ildönümündə açılıb. O, tunc və qara qranitdən hazırlanıb, yuxarı hissəsində gecə paltarında ölü uşağı sinəsində tutan ananın təsviri olan heykəl var. Aşağıdakı postamentdə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, qurbanların adları yazılıb”.
Məqalədə diqqət Azərbaycanın neft və qaz ehtiyatlarına görə “Odlar yurdu” kimi tanınmasına cəlb edilir. Qeyd olunur ki, Bakıdan bir neçə kilometr məsafədə Yanar dağ yerləşir.
Bir neçə əsr əvvəl atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah eyni dərəcədə təsiredicidir. Mərkəzi yanan alov və dörd tüstü bacası olan mərkəzi bina rahiblərin hücrələri ilə əhatə olunub.
"Bakıdan 70 km qərbdə Qobustan kimi tanınan tarixi mədəniyyət mərkəzi yerləşir. Burada 12 min il yaşı olan 4 000-dən çox qayaüstü rəsm var. İnsanlar rəsmlərdə ov, qayıqla balıq tutarkən, hətta daş dövrünün rəqsləri təsvir edilib. Yerli sakinlər mağara sığınacaqlarında yaşayırdılar və tədqiqatçı Tur Xeyerdal qamışdan hazırlanmış qayıqların təsvirlərini görəndə, vikinqlərin buradan gələ biləcəyini düşündü".
Onlar oymaların altında burada yaşamış daş dövrü insanlarının həyatına nəzər salmaq imkanı verən əla muzey tikiblər.
Məqalədə həmçinin bildirilir ki, yaxınlıqda palçıq vulkanları var.