“Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib

Uşaqlıq illərinin ən gözəl və qayğısız günlərinin yaşandığı bağça həyatı hər bir körpənin həyatında xüsusi yer tutur. Bu gün isə balaca fidanlarımız üçün yeni bir mərhələnin başlanğıcı, böyük məktəb yoluna atılan ilk addımların sevinc və həyəcanla qeyd olunduğu əlamətdar gündür. Məhz bu münasibətlə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Ucar şəhər 4 nömrəli Körpələr Evi–Uşaq Bağçasında “Əlvida bağça – Salam məktəb” adlı yaddaqalan tədbir keçirilib.
Tədbirdə balacalar öz bilik və bacarıqlarını nümayiş etdirərək oxuduqları mahnılar, ifa etdikləri rəqslər və təqdim etdikləri səhnəciklərlə qonaqlara xoş anlar yaşadıblar. Bir zamanlar bağçaya ilk addımlarını atan fidanlarımız məktəb həyatına yola düşməyin sevincini və həyəcanını yaşayaraq hər kəsə duyğulu və unudulmaz anlar bəxş ediblər.
“Əlvida bağça – Salam məktəb” kompozisiyası ilə çıxış edən balacalar məktəbə hazır olduqlarını nümayiş etdiriblər.
Uşaqların çıxışından sonra Ucar Rayon Təhsil Sektorunun müdiri İsmayıl Məhəmmədov və digər qonaqlar bu il bağçadan məzun olan uşaqları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

4 nömrəli Körpələr Evi–Uşaq Bağçasının müdiri Aysel Əliyeva çıxış edərək bildirib:

“Birlikdə güldük, öyrəndik, böyüdük. Bu gün isə xatirələrimizi ürəyimizdə daşıyaraq yeni bir yola çıxırıq. Həyatınızda bir səhifə bağlanır, sabah isə yeni bir səhifə açılır. Əziz balalarımız, yolunuz açıq olsun!”
Tədbir çərçivəsində bu il bağçanı bitirən hər bir uşağa bağça müdiri Aysel Əliyeva tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. Sertifikatlar və hədiyyələr Ucar Rayon Təhsil Sektorunun müdiri İsmayıl Məhəmmədov tərəfindən uşaqlara təqdim edilib.
Həmçinin tədbirin təşkilində əməyi keçən bir qrup müəllimə, tərbiyəçi və musiqi rəhbərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib. Körpələrin sevinc dolu təbəssümləri, valideynlərin qürur hissi və müəllimlərin xoş arzuları ilə yadda qalan tədbir yüksək əhval-ruhiyyədə başa çatıb. Arzu edirik ki, bu gün bağça ilə vidalaşan bütün balalarımız məktəb həyatında da uğurlu addımlar atsın, Vətənimizə layiqli vətəndaş kimi yetişsinlər.