Dünya durduqca Heydər Əliyev də yaşayacaqdır
29-mar, 20:16 178 Gündəm«Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq,saxlamaq,
möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir»
HEYDƏR ƏLİYEV
Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.
Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.
Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.
Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür.
Ədliyyə naziri Fikrət Məmmədov hər zaman çıxışlarında ümummilli Liderimizin zəngin həyat yolunun və titanik fəaliyyətinin tükənməz ibrət məktəbi olduğunu vurğulayır, müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edir.
Azərbaycan xalqının tariximizin məhz Heydər Əliyev dövründə dayanıqlı müstəqil dövlət qura bildiyini deyən nazir Ulu Öndərin hakimiyyətə yenidən qayıdaraq xilaskarlıq missiyası, cəsarəti və sarsılmaz iradəsi, tükənməz idarəçilik təcrübəsi sayəsində müstəqilliyimizi böyük təhlükələrdən qurtararaq dönməz və əbədi etdiyini, ölkədə qanunçuluğu, ictimai-siyasi sabitliyi möhkəmləndirdiyini, demokratik hüquqi dövlət qurduğunu, gələcəyə hesablanmış çoxşaxəli inkişaf strategiyalarının, ordu quruculuğunun təməlini qoyduğunu, hərtərəfli köklü islahatlar həyata keçirmişdir.
Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummili liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və 3 pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı. Bu gün biz fəxrlə deyə bilərik ali məqsədi insan haqlarının müdafiəsinə xidmət edən Azərbaycanın yeni hüquq sisteminin də müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir.
Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Şübhə yoxdur ki, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.
Möhtərəm Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmişdir.
Vətəndaşların Ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi, Ədliyyə Nazirliyinə aid olan əməliyyatların elektron sistem vasitəsilə əhaliyə ötürülməsi prosesi ölkəmizdə bu gün geniş şəkildə təbliğ olunur. Hazırda ölkəmizdə ədliyyə sahəsində elektron xidmətlərin tətbiqinə xüsusi diqqət göstərilir.Beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda artıq təməli qoyulmuş elektron müraciət insanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir. Son illər qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər bu sahədə göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olmuşdur. Bu uğurların sabitliyini və dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlərin davamlı olacağına əminik.
Son illər ölkədə baş verən mütərəqqi sosial-iqtisadi dəyişikliklər, əhalinin rifahının günbəgün yüksəlməsi demoqrafik inkişafa, nikah və doğumun sayının artmasına da müsbət təsir göstərmişdir. Bu gün nikaha daxil olmaq üçün ərizəni və doğumun qeydiyyatı ilə bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərmək, həmçinin bu xidmətlər vasitəsilə nikah gününü müəyyən etmək artıq reallığa çevrilmişdir. Bu sahədə təbliğat işləri də sürətlə inkişaf etdirilir.
Nikah ailəni yaradan əsas təməl vasitədir. Bu ailə təməlin möhkəm qoyulması üçün ən vacib amildir. Nikaha daxil olduqdan sonra bu əsasın qorunması üçün insan fiziki və mənəvi cəhətdən evliliyə hazır olmalıdır. Nikaha daxil olmaq istəyən şəxs tam öz qərarlarını vermək qabiliyyətində olmalıdır. Əgər bu belə deyilsə, müəyyən problemlər yaranacaq ki, bu evliliyə, ailəyə, şəxsə psixoloji cəhətdən təsir edəcək. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının məsul işçisi gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır.
Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nikahın pozulması, nikahın vəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzimlənir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nigah dövründə və ya nigah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı müəyyənləşdirmək hüququ müəyyənləşdirilir.
Ədliyyə nazirliyinə elektron müraciət üçün www.exidmet.justice.gov.az elektron portalı fəaliyyət göstərir. Bu portal vasitəsilə Vətəndaşlıq Vəziyyəti Aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron qaydada qəbulu da mümkündür. Beləliklə, insanların hər hansı minimal məlumat əldə etmək və ya sadə bir əməliyyat aparmaq üçün bilavasitə dövlət orqanlarına gəlmələrinə və əlavə vaxt itkisinə ehtiyac qalmır. Hər şeydən önəmlisi isə bu cür xidmətlərdən real istifadənin təmin olunmasıdır.
Hər bir uşağın doğumunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınması və vətəndaşlıq əldə etməsi demoqrafiya sahəsində həyata keçirilən siyasətin əsas vəzifələrindən biridir.
Uşağın doğumunun qeydə alınması zərurəti Uşaq hüquqları haqqında Konvensiyada və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Qanunvericilikdə uşağın hüquqları onun mənşəyinin təsdiq olunmasına əsaslanır və bu təsdiq uşağın doğum haqqında şəhadətnaməsində öz əksini tapır.
Uşaqların doğumunun qeydə alınması öhdəliyi ilk növbədə valideynlərin üzərinə düşür. Həmin faktın qeydə alınması valideynlərin hər ikisinin və ya onlardan birinin müraciətinə əsasən həyata keçirilə bilər. Lakin akt qeydləri və doğum haqqında şəhadətnamələr tərtib edilərkən hər hansı bir səhvə yol verilməsi ehtimalının aradan qaldırılması məqsədi ilə doğumun qeydə alınmasında hər iki valideynin iştirakı daha məqsədəuyğundur.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hal-hazırda 99 rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri fəaliyyət göstərir.Doğumun qeydiyyatı ilə bağlı dövlətin funksiyası rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri, konsulluqlar və rayon (şəhər) icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən vətəndaşların və ya buna səlahiyyəti olan orqanların müraciəti əsasında həyata keçirilir. Bu funksiya özündə bir neçə proseduru ehtiva edir. İlkin prosedur sənədlərin qəbul edilməsindən ibarətdir. Tələb olunan sənədlərin qəbul edilməsi şəxslərin müraciətlərinə əsaslanır.
Qeydiyyat orqanının növbəti funksiyası doğumun qanunvericiliklə müəyyən edilmiş vaxtda qeydə alınmasının təmin etmək məqsədi ilə bu barədə ananın yaşadığı yer üzrə bildirişin göndərilməsindən ibarətdir.
«Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydası»-na uyğun olaraq doğumun dövlət qeydiyyatına alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, onların nikah haqqında şəhadətnaməsi, uşağın doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd qeydiyyat orqanına təqdim olunmalıdır.
Valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda qeyd olunan sənədlərlə yanaşı onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd də təqdim edilir.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.
Ədliyyə işçiləri olaraq hər birimiz bundan sonra da dahi liderin xatirəsini əziz tutaraq ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.
Hacıyev Eldəniz Tofik oğlu
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Rayon Qeydiyyat Şöbəsinin rəisi