Pulsuz çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb - SİYAHI

Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə hazırlıq işləri başa çatıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, artıq 5 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Goradil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, Şıx çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.
Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərlik ərazilərinə yeni qum qatı salınıb, buradakı inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, qaydaya salınıb, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılıb. Bu çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar qaydaya salınıb.
Həmçinin Şıx və Sahil çimərliklərində əlillərin dənizdə çimməsinə kömək üçün dənizin içinə xüsusi beton zolaq çəkilib.
Eyni zamanda rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb, rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. İctimai Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaq.
Həmçinin Abşeron yarımadasının dənizsahili ərazilərində mövcud özəl çimərlik və istirahət mərkəzlərində də mövsümə hazırlıq işləri aparılıb, paytaxt sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının xoş istirahəti üçün lazımı şərait yaradılıb.