Missiyanızla birlikdə özünüz də yaşayacaqsınız!
14-iyl, 16:40 160 Gündəm / Cəmiyyət / SəhiyyəDr. Zaur Qasımovun qəlbimizdəki portreti
Az-çox tərbiyə görmüş hər bir namuslu adam xoşbəxtlik deyilən anlamı təkcə öz şəxsi taleyi ilə bağlamır. Bu baxımdan keçmiş və indi zaman məfhumu deyiləndə, bunlar arasında fərq o qədər də çox deyil. Yaşadığımız evin içində, bu dövlətin damının altında günümüz necə keçsə də, dünyanın ümumi ab-havasını unuda bilmərik. Bəlkə də tarixin hər bir çağında insanlığın qarşısında indiki qədər çətin, mürəkkəb və faciəli problemlər dayanmayıb. Buna görə də arxayınlıq, əhlikeflik, dərdsiz-qəmsiz yaşamaq əslində, məhdudluq-durğunluq əlamətidir, özünü aldatmaqdır. İnsanın xoşbəxtliyinə, əhvalına qida verən, onu kökləyən qaynaqlar çox olur, taleyimiz, hislərimiz bizi min yerə bağlayır. Lakin, səadət deyilən anlayışı həmişə həndəsi dillə desək, üç müstəvidə, üç ölçüdə görürük; bir insanın öz şəxsi taleyi, ailəsi, işi, cəmiyyətdə yeri, bir insanın mənsub olduğu xalqın taleyindən gələn şərait, bir də dünyanın ümumi ab-havası... Öz qızıl saraylarında qapılarını bağlayıb şəxsi xoşbəxtlik dünyası yaratmaq mümkün olan iş deyil, olsa da, bu müvəqqətidir. Çünki, bu üç kanaldan biri bağlanan kimi, bu üç kökdən biri zədələnən kimi səadər ağacı zədələnəcək, qurumağa başlayacaq, sonda yox olacaq. Təəssüf ki, bir çoxları üçün şəxsi taleyi, şəxsi mənfəəti hər şeydən üstündür... Bizim o qədər milli dərdlərimiz var ki, əslində bu hər peşədə özünü büruzə versə də, yenə vurğulayacağam: “içimizdəki dərd ağacı”nı böyüdən, pöhrələndirən ictimai bəlalar bu gün ölkə miqyasında geniş müzakirə mövzusudu. Bir də ki, bu halların baş mövzusu ürək, qəlb dünyasıdı. İnsanın ürəyi, qəlbi təmizdirsə, ruhu doğmadırsa, yanımcıldırsa, bu şeylərin öhdəsindən asanlıqla gəlmək olar. Hamı belədirmi? Sualı məncə düzgün qoyduq. Hamının ürəyində vicdan damarı vururmu?! Əslində qəm həyatın, xalqın dərdindən doğan, özünüdərkə gətirən böyük, fəlsəfi anlamdı. Dünyanın geniş, dahilərin daim vurğuladığı Qəm pəncərəsindən baxan insanların həyatıdı bu.
Bu pəncərədən baxmaq hər adamın işi deyil, yəni insan ürəyində belə bir dərd yuvası qurubsa, elə odur dünyanın ən xoşbəxt adamı. Onlardan biri Dr. Zaur Qasımov Şahlar oğlunun nümunəsində... İstedadlı adam peşəsindən asılı olmayaraq, qorxaq ola bilməz, istedadlı adam paxıl da ola bilməz. İstedadlı adam qəddar da ola bilməz. Bu həyatın bir neçə haşiyəsini görməzlikdən gələndən sonra gəlinən qənaətdir. Ümumiyyətlə, yaradıclıq fəaliyyətimizdə bunların tam şahidi olaraq, cəsarətimizə sığınaraq söyləyirik. Yazılarımızın qəhrəmanlarına çevrilən insanları elə bu cür dəyərlərinə görə tanıyaraq sevirik. Dr. Zaur Qasımov - öz məsləkinin uzmanı, peşəkar psixiatr, polkovnik-leytenant və dəyərli vətənsevər. Dr. Zaur Qasımovun peşə, vəzifə fəaliyyəti nə az, nə çox, düz yarım ilə yaxındır gözlərimizin qarşısında cərəyan edir. Vətən, məslək və peşəsindən asılı olmayaraq, ona başıucalığı gətirən övladları ilə fəxr etməlidir. Hə, bir də hər bir insanın keçdiyi yol, həyat tərzi, uşaqlıq tərbiyəsi, bağlandığı amal həlledicidir. Kim deyir, həyat insana hər şeyi qızıl boşqabda gətirib qarşısına qoyur?! Bu cür düşüncə özünü aldadanlar üçündür, həyatın çətinliyini görməyənlərin, himayədarlarının köməyi ilə “zirvələr” fəth edənlərin aqibətinin “şirinliyinin” şahidi olmuruqmu? Kimlərinsə hesabına qızıl kuzədən su içənlər axırda su əvəzinə zəhər içiblər. Çətinliklərin şərbəti çox şirin, çox dadlı olur. Buna görə də ağlımız kəsəndən bir həqiqəti dərk etmişik, bu həyatda asan yol yoxdur. Uğura aparan yol asan ola bilməz. Bəhs etdiyimiz səadət ağacının taleyinə gələndə bu çətinliklərdən, zəhmətdən keçən yoldur. Zaur Qasımov həm həkim, həm hərbçidir...
Hərb və sülh
O iki cəbhənin insanı oldu. İki böyük, qlobal anlamı ehtiva edən iki böyük məsuliyyəti bir yerə cəmlədi-hərbi və sülhü. Hərbçi həkim. Özü təvazökarlıqla söyləyir “mən həkiməm, elə bu peşə ilə də ucalmaq, təcrübələrimi çoxaltmaq fikrindəyəm”. Bu iki kəlmə bu dünyada öz yolunu tutan məqsəd və məramını dərk edən insanın dilindən çox cazibədar, çox şirin, çox inandırıcı səslənir. Bunu ancaq yaşının fərqinə varmayaraq, özünü dərk edənlər bu cür inamla söyləyə bilir. Gənc yaşlarından həyatın çətin sınaqlarına atılaraq bərkiyən bir insanın, bir peşəkarın, bir şəxsiyyətin bərkiməsində seçidiyi yolun əsas amillərdən biri olaraq qabardılır. Zaur həkim peşə fəaliyyətinin başlanğıc surətini elə nöqtədən götürüb ki, bu gün Zaur Qasımov bir vətəndaş olaraq vətənində üzü ağ, vüqarla, alnıaçıq gəzənlərdən biri olaraq səciyyələndirilir. O, 1998-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakultəsinə daxil olsa da, qəlbinin çağırışını dinləyərək 2002-ci ildə təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində davam etdirməyə başlayıb...
Sadə, təvazökar və əsl vətəndaş
2004-cü ildə həmin fakultəni hərbi həkim ixtisası üzrə bitirərək 2007-ci ilin iyun ayından 2006-cı ilin noyabr ayına qədər ön xətdə-161 saylı hərbi hissənin tibb məntəqəsinin həkimi və məntəqə rəisi olub. 2006-cı ilin noyabr ayından 2007-ci ilin iyun ayına qədər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində “Psixonevrologiya” ixtisası üzrə internatura kursu keçib. 2007-ci ilin iyun ayından 2007-ci ilin noyabr ayına qədər Ağdam Hərbi Hospitalının terapiya bölməsində həkim-ordinatoru, 2007-ci ilin noyabr ayından 2010-cu ilin aprel ayına qədər Ağdamda 190 saylı hərbi hissənin tibb məntəqəsinin rəisi, 2010-cu ilin aprel ayından 2012-ci ilin noyabr ayına qədər Ağdam Hərbi Hospitalının terapiya bölməsinin baş ordinatoru, 2012-ci ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına qədər 056 saylı hərbi hissənin Ağdam Hərbi Hospitalının terapiya bölməsinin rəisi, 2015-ci ilin oktyabr ayından Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının psixatriya bölməsinin ordinatoru vəzifələrində çalışıb. 2018-ci il tarixdən 2019-cu il tarixədək Türkiyənin paytaxtı Ankara şəhərində Sağlıq Elmləri Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşma kursunda olub. 2021-ci ildən Müdafiə Nazirliyi Baş Klinik Hospitalın psixatriya bölməsinin rəisi – Azərbaycan Ordusunun Baş psixatrı vəzifəsində xidmət edir.
Zaur həkim öz yaşam tərzi ilə bir də onu sübut edir ki, yaxşı həkim ola bilərsən, lakin əsl vətənpərvər, vətənsevər olmağı hər kəs bacarırmı? Bunu isə üç il bundan əvvəl Vətən müharibəsi sübuta yetirdi. Şəhid həkimlərimizin ruhları qarşısında baş əyirik! 2004-2015-ci ilədək Ağdam Hospitalında keçən peşə və vətəndaşlıq missiyası onun ömür və tale yoluna qırmızı xətlərlə yazıldı. Çünki, Ağdam müharibə, risk zonası idi, fəlakətlər zonası idi. Azğın düşmənin hansı məkrin, əqidənin sahibi olduğunu hamımız yaxşı bilirik. Cəsarət, vətəndaşlıq budur, Zaur Qasımovun müsbət xarakter məziyyətlərinə edilən əlavələr. Cəsarət və vətəndaşlıq cizgiləridi. Bu çətin yolu seçmənin əsas mahiyyəti. Həkimlik peşəsi onsuz da çətin, məsuliyyətli peşələrdən biridir. Bu peşənin üzərində isə hərbi həkim statusunu seçmək cəsarətin, qorxmazlığın, vətən, torpaq sevgisinin izharı deyilmi əziz oxucu?! Bəli, fəal həyat mövqeyi anlayışı ilə vətəndaşlıq mövqeyi anlayışının yanaşı işlənməsi təsadüfi deyil. Vətəndaşlıq duyğusu olmadığı yerdə peşəkarın fəal həyat mövqeyindən danışmaq mümkün deyil. Bunu bizim tariximiz də təsdiq edir. Hər bir mükəmməl insanın müqəddəs vəzifəsi, xalqın rifahı, səadəti yolunda xidmət etməkdir. Düşüncə olmayanda, məsuliyyət də olmur, nə ailə, nə cəmiyyət, nə də vətən qarşısında. İnsan həyatının mənası ictimai tərəqqiyə xidmətdir. Dr. Zaur Qasımov kimi mükəmməl insanları ilk növbədə tanrı, sonra isə həyat sınaqlarından çıxaraq çəkdikləri zəhmət yetirir. Onlar cəmiyyətin “xilas kəmərləri”dir. Bu insanlar öz yetənəklərinin hesabına mənalı həyat və missiyaları ilə ictimai tərəqqiyə, insanlığa xidmət etməyə başlayırlar. Bu gün Dr. Zaur Qasımov psixiatriya sahəsində öz sözünü deyən peşəkarlardan biridir. Bəli, gənc olsa da, keçdiyi həyat yolu, böyük həyat məktəbi, sınaqlar bu istedadlı həkim-peşəkarın şəxsiyyətini ortaya qoyan əsas göstəricilərdən biri oldu. Zaur Qasımov bir həkimə lazım olan bütün məziyyətləri özündə ehtiva edir; mülayimdi, səbrlidi, həssasdı, ən başlıcası isə ədalətlidi. Peşəsi bunu tələb edir. Zaur doktor həm də müharibədə, hərbi qulluqda, hərbi xidmətdə xəsarət alan insanlarla işləyir, həm çətin, həm məsuliyyətli. Onların sarsıntılarına, ağrılarına həkimlikdən əlavə bir ata, bir qardaş kimi yanaşır. Onun xəstələri, ruh halları, psixi durumları zədələnmiş insanlardır. Bunun üçün də ilaclardan öndə həkim qayğısı, həkim həssaslığı gərəkdir. Bu Dr. Zaur Qasımovun həyat leytmotividir. Özünün könüllü olaraq seçdiyi missiya, müqəddəs və şərəfli ömür və peşə yoludur. Bu gün ömrünün 50-60 ilini insanlıq, peşə yolunda qoyaraq toxtamış şəxsiyyətdən yazmırıq. İyirmi iki yaşından başlayaraq həyatını çətin sınaqlarla öz arzusunun ardınca gedən, zəhmət və mərdliyinin hesabına, layiq olduğu uğura yetən gənc bir peşəkardan, hərbi qulluqçudan, vətənpərvərdən yazırıq. Hələ onun ömür və peşə yolunda çox çalınmamış zəfərləri və qələbələri gözlənilir. Çünki, insanın bütün əməllərinin həyat başlanğıclarının ucalığında özünüdərk, özünütanıma, özünütərbiyə dayanır. Bu dünyanı sevgi, mərhəmət, humanizm xilas edə bilər. Bu isə Zaur Qasımov kimi şəxsiyyətlərin, fədakarların, peşəkarların boynuna biçilib. Zaur həkim öz peşəsinin sərrafı olaraq xəstəni anlamaq, hiss etmək enerjisi və gücünə malik olan, çağdaş səhiyyəmizin inkişafında böyük dəstəyi olan peşəkar həkimlərdən biridi. Vətənin, xalqın təəssübünü çəkmək deyəndə, bu ifadələr tək qəhrəmanların missiyası olaraq qəbul olunmur. Vətən, xalq təəssübü çəkmək özünü, peşəsini, intellektini bu yolda ləyaqət və şərəfinə söykənərək icra edən hər bir fərdə - insana aid edilir. Bu nümunələrdən biri olaraq, həm ləyaqətli, həm şərəfli, həm əxlaqlı, həm nəcib, həm dəyanətli, həm savadlı, həm istedadlı, bir sözlə, əsl insandır. Zaur Şahlar oğlu Qasımov. Doğuluşunu Sumqayıt şəhərindən başlayan, bu günədək vətəni, xalqı, seçdiyi peşəsi üçün çox iş görmüş, hələ çalınacaq qələbələri, saysız uğurları irəlidə olacaq bizim hörmətli, sevimli doktorumuz, Zaur Qasımov, missiyanızla birlikdə özünüz də yaşayacaqsınız...
Hörmətlə,
Hürü Hacızadə və Fərid Faiqoğlu
Yazıçı publisist AJB-nin üzvü