Mehriban Əliyeva İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısıdır
25-avq, 16:28 109 Gündəm / SiyasətMüasir dövrdə Azərbaycan dünyanın görünən bir tərəfinə çevrilib. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan orada öz sözünü deməsin. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biridir. Tolerant və mehriban birgəyaşama mədəniyyəti baxımından, artıq dünya üçün bir örnəkdir. Bu və ya digər ümumbəşəri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fasiləsiz və qətiyyətli fəaliyyətini nəzərə çatdırmalıyıq. Bu gün mübaliğəsiz deyə bilərik ki, dünyanın eşidilən səsində Azərbaycan adının vurğulanmasında Mehriban xanım Əliyevanın xidmətləri kifayət qədərdir.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi və mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında da yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edib. Belə ki, ətrafdakılara humanist münasibəti, ehtiyacı olan insanlara qayğısı, onların dərdinə şərik çıxması Mehriban xanım Əliyeva ətrafında yüksək imic formalaşdırıb. Odur ki, Mehriban xanım Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsinə çevrilib.
Qeyd edək ki, 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 2002-ci ildə, O, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il 10 may tarixindən Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un icraiyyə Komitəsinə üzv, 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının Sədr müavini vəzifəsinə seçilib. Bir il bundan əvvəl isə, Azərbaycan Respublikası Prezidenti ilham Əliyev Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə verilən qiymət, Ona göstərilən daha böyük bir etimad idi.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçildikdən sonra ilk keçirdiyi müşavirə də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu və burada ciddi tapşırıqlarını verdi. Çox keçmədən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində yeni binaların tikintisinə başlanıldı. Bu istiqamətdə işlər indi də uğurla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə köçürülüb.
Qadınlara dəstək
Mehriban xanım Əliyevanın qadın hüquqlarının müdafiəsi istiqamətində də həyata keçirdiyi işlər də diqqəti cəlb edir. “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi bu qəbildəndir. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında Qanun” 2010-cu ildə qəbul olunub. Həmin qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişikliklər edilməsində Mehriban xanım Əliyevanın böyük xidmətləri olub. Mehriban xanımın diqqəti, qayğısı və dəstəyi sayəsində, qadın cinayətlərinin sayı da azalıb. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəldilməsinə imkan yaradıb.
Sizi – xalqımızın milli-mənəvi dəyərlərinin böyük hamisini, ölkəmizdə xeyriyyəçilik ənənələrinin qoruyucusunun, ölkəmizin mədəni incilərinin beynəlxalq aləmdə layiqincə təbliq edən vətənpərvər ziyalı xanımı, humanizm carçısını doğum günü münasibəti ilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, xalqımızın hərtərəfli rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!Qoy Ulu Yaradan Sizi və ailənizi hifz etsin! Xeyirxahlıq hissləri ilə döyünən qəlbinizin vətən məhəbbətli hərarəti həmişə öz ziyasını saçsın! Doğum gününüz mübarək!