“Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin kollektivi Məhəmməd Əsədovun qəbrini ziyarət etdilər
20-noy, 17:44 146 Gündəm / Cəmiyyət“Xezertv.onfo” xəbər verir ki, bu gün “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin kollektivi 20 noyabr 2023-cü il tarixində general- mayor Məhəmməd Əsədovun Anım günü ilə əlaqədar 1-ci Fəxri xiyabanı ziyarət ediblər. 20 noyabr Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. Tədbir Xətai rayonunda genral-mayor Məhəmməd Əsədovun adını daşıyan 29 saylı məktəbdə davam etmişdir. Veteranlar büstün önünə tər gül dəstələri və əklil qoymuşlar.
Allah rəhmət eləsin.
ELMAR HÜSEYNOV
“ABMVİB”-nin səlahiyyətli nümayəndəsi,
“Azərbaycan Bayrağı” ordenli
Zəruri giriş: General Məhəmməd Əsədov: böyük vətənpərvər, unudulmaz şəxsiyyət
Zəngəzur mahalı Qafqazda qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan torpağıdır. Bu torpağın bir parçası olan Zəngilan rayonu həm təbiətinə, həm insanlarına görə seçilib. Ulu öndər, ümummilli lider Heydər Əliyevin sözləri yada düşür: “...Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.
Zəngilan torpağı Azərbaycan xalqının fəxr etdiyi onlarca oğul yetirib. Onların arasında Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və digər şərəfli adlara layiq görülmüş igidlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər, yazıçılar, şairlər, pedaqoqlar, hüquqşünaslar və sair peşə adamları vardır. Həmin oğullardan biri də general Məhəmməd Əsədovdur.
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Onun doğulub boya-başa çatdığı Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşduğu yerdə yerləşir. O, 1958-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Statistika texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra, əmək fəaliyyətinə öz doğma rayonunda – Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlayır. 1961-ci ildə ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır və 1964-cü ildə “Sovet ordusu əlaçısı” döş nişanı ilə hərbi xidmətdən ehtiyata buraxılır. Həmin ildə gənc sənaye şəhəri Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2 saylı trestində işləməyə başlayır. 1965-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olur.
1965-66-cı illərdə 2 saylı trestdə mühasib işləyərkən, yüksək isgüzarlıq keyfiyyətlərini və təskilatçılıq bacarığını nümayiş etdirir, bilik və bacarığını, iş təcrübəsi, o cümlədən rus dilini mükəmməl bilməsini nəzərə alıb, onu 1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. (Onu da qeyd etmək lazımdır ki, o illərdə bu ixtisas üzrə trestdə işləyənlərin 80 faizi qeyri-millətlər idi).
İstehsalatda çalışdığı müddətdə M.Əsədov trestin və Sumqayıt şəhərinin ictimai-siyasi-iqtisadi həyatında yaxından iştirak edir, müxtəlif tədbirlərin hazırlanmasında, onların həyata keçirilməsində fəallıq göstərirdi.
Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyev yüksək iş keyfiyyətlərini və təşkilatçılıq qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu Sumqayıt şəhər Partiya Komitəsinin “Sənaye, inşaat, nəqliyyat və rabitə” şöbəsinin təlimatçısı vəzifəsinə təyin edir. 1973-cü ildən həmin şöbənin müdiri, 1975-ci ildə isə Mərkəzi Komitədə işləyən Təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərovun təklifi və Heydər Əliyevin razılığı ilə Sumqayıt şəhər partiya komitəsində əsas aparıcı şöbənin müdiri təyin olundu.
M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini, xeyirxah əməllərini bu gün də hörmətlə xatırlayırlar.
Məhəmməd Əsədovun adı Azərbaycan KP MK-nın perspektivli ehtiyat kadrlar siyahısında idi. 1980-ci ildə Dövlət Təhlükəsizliyi sistemində kadrların sayını artırmaq məqsədilə Azərbaycan üçün də DTK-nın Mərkəzi Ali Məktəbinə bir yer ayrılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onlarca namizədin arasından Məhəmməd Əsədovu seçib, onu bu yerə məsləhət görmüşdü. DTK-nın komissiyası tərəfindən yoxlanıldıqdan sonra Məhəmməd Əsədov Moskvaya göndərildi. 1982-ci ildə isə DTK-nın Ali Məktəbini qırmızı diplomla başa vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul vəzifədə çalışmağa başladı. Qısa müddət ərzində DTK rəhbərliyinin böyük etimadını qazandı.
M.Əsədovun təşkilatçılıq qabiliyyətinə Sumqayıtda bir yerdə işlədiyi illərdən yaxşı bələd olan Azərbaycan KP MK-nın birici katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu yenidən partiya işinə gətirir.
Məhəmməd Əsədov 1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində Jdanov rayonunu Azərbaycanın ən qabaqcıl rayonuna çevirir (bunun üçün 1983-1986-cı illərin statistikasına baxmaq kifayət edər).
1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə – Azərbaycan KP MK-da “İnzibati orqanlar” şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq Qarabağ hadisələrində, həmin ilin fevral–mart aylarında Sumqayıt hadisələrində Azərbaycan xalqının, dövlətinin haqq işini prinsipiallıqla və obyektivcəsinə müdafiə edir.
Sonra o, Ağdaş rayonuna birinci katib gedir və qısa bir müddətdə (1988-1989-cu illər) öz təşkilatçılıq təcrübəsi sayəsində Ağdaş rayonunu respublikanın qabaqcıl rayonları səviyyəsinə qaldırır. O, bir daha sınağa çəkilir. Mərkəzi Komitə onu olduqca ağır ictimai-sosial vəziyyətdə olan Quba rayonuna birinci katib təyin edir və o, 1989-1990-cı illərdə burada sakit-stabil şəraitdə fəaliyyətini davam etdirir.
Uzun illər səmərəli fəaliyyətinə, DQMV ilə bağlı verdiyi təkliflərinə və təhlükəsizlik orqanlarında çalışdığını nəzərə alıb, 1990-cı ilin may ayında Məhəmməd Əsədov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Bu təyinat, o dövr üçün, vaxtında və yerində verilən təyinat idi. Bu təyinatı ulu Tanrının Azərbaycan xalqına töhfəsi kimi qəbul etmək olar. Əvvəla ona görə ki, o əsl ictimai-siyasi xadim idi. Nazir təyinatının ilk günlərindən, Moskvadan təyin olunmuş birinci müavin Barannikovun Qarabağ haqqında yox, “Xlopkovoe delo”, “Raşidovşina” haqqında fikirləşdiyini dəqiqləşdirərək, onu müstəqilliyimizə böyük mane olacağına görə, çox çətinliklə, lakin qısa bir müddətdə bu vəzifədən azad olunmasına nail oldu, yerinə isə əsl vətənpərvər-hərbçi Ramiz Xosrov oğlu Məmmədovu təyin etdirdi. Bununla da Daxili İşlər Nazirliyinin əsas fəaliyyətini Qarabağ probleminin həllinə yönəltdi. Ramiz Məmmədova yorulmaz fəaliyyətinə, vətənpərvərliyinə görə general-mayor rütbəsi verdirdi.
Nazir işlədiyi müddətdə onun sorağı Qarabağ bölgəsindən, sərhəd rayonlarından gəlirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda, sözün əsl mənasında, əsgərlərlə çiyin-çiyinə, Vətəni, torpağı qoruyurdu. Azərbaycan vətəndaşlarının müstəqil dövlətimizdə sərbəst yaşayacaqlarına çox inanırdı. 1985-89-cu illərdə MK-da inzibati şöbəyə rəhbərlik edən Məhəmməd Əsədov nə qədər cəsarətlə hərəkət etsə də, Moskva “yenidənqurma” pərdəsi altında erməniləri M.S.Qorbaçovun dəstəyi ilə müdafiə edirdi.
Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni-daşnaq təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. Tez bir zamanda xüsusi təyinatlı milis dəstəsini (OMON) yaradır. Xocalı aeroportunda ermənilərin gediş- gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.
Məhəmməd Əsədovun əsl sərkərdə məharətini görən yerli vətənpərvər insanların təkidi ilə mərkəzi rəhbərlik ona general ali hərbi rütbəsinin verilməsini vacib bilir.
Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Xanlara (indiki Göygöl rayonu), Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. “Azərbaycanın Milis Dəstələri Göranboyun içərisinə doğru irəlilədi. Mənəşidə, Buzluqda, Erkəcdə erməni baza məntəqələri dağıdıldı. 1991-ci il yaz-yay əməliyyatından sonra ermənilər ciddi şəkildə geri çəkildilər” (Vikipediyadan “Çaykənd əməliyyatı” haqqında yazıdan çıxarış).
General Ramiz Məmmədovun xatirələrindən: “Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya vasitəsi ilə danışıqlar zamanı onun gizli kodu “Çornıy polkovnik” idi. Vaxtı ilə bizimlə əziyyət çəkmiş milis zabiti, həmkarımız, müstəqilliyimizin, sabitliyin qorunmasında xüsusi xidmətləri olan respublikamızın daxili işlər naziri, general-polkovnik çox hörmətli Ramil Usubov bunu bilir”.
XTMD-nın (OMON) yaradılması, milis rotaları və alaylarının qaynar nöqtələrdə fəallığı dinc əhalidə tezliklə münaqişəyə son qoyulacağına inam yaradırdı. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Respublikamızın ərazi bütövlüyü artıq təhlükədə idi. Əsl hərbçi, general Valeh Bərşadlı müdafiə naziri təyin edilsə də ordu quruculuğunun formalaşmasında operativ kömək yox idi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Milli Ordunun yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.
1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü ilə keçirilən geniş müşavirədə iştirak edir. Bu müşavirədə həmçinin Rusiyanın, Qazaxıstanın qondarma Dağlıq Qarabağ problemi ilə məşğul olan yüksək çinli rəsmi nümayəndələri də iştirak edirdilər.
Azərbaycanın Dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə qırğınların, terrorun aparıldığını, dinc azərbaycanlılara qarşı genosid siyasətinin həyata keçirildiyini Qarabağın Hərbi komendantına kəskin şəkildə bildirmişdi. Bunu sübut etmək üçün hər üç dövlətin nümayəndələrinin Xocavəndə uçmasını təmin etməyi hərbi komendantdan tələb edir. Hərbi komendant hər vasitə ilə bu işdən yan keçməyə çalışsa da, Tofiq İsmayılovun haqlı tələbinə tərəfdaş çıxan Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, general Serikov Qazaxıstandan olan Mİ-8 N72 hərbi vertolyotuna tələb olunan göstərişi verir.
Bir müddət sonra xəbər yayılır ki, Mİ-8 vertolyotu ya yoxa çıxıb, ya da dağa çırpılıb. O vaxtın səriştəsiz rəhbərləri min-bir yalanlar uydurmaqla həqiqəti gizlətməyə çalışırdılar. Lakin məlum oldu ki, sülhməramlı nümayəndə heyəti Mİ-8 vertolyotunda Qarakənd səmasında “olmayan dağa” çırpılmış və hamısı da həlak olmuşlar. Bu hadisəni erməni terrorçularının törətdiyi ən dəhşətli, ən qanlı cinayətlərindən biri hesab etmək olar.
Erməni quldurları tamamilə əsassız olaraq general Məhəmməd Əsədovu Haaqa Məhkəməsinə vermişdilər, onun başına külli miqdarda pul vəd edirdilər və axır ki, 20 noyabr 1991-ci il tarixində “Qarakənd tələsinə” salıb məhv etdilər. Lakin unutdular ki, Məhəmməd Əsədov kimi cəsur oğlu olan xalq bu faciəni heç vaxt unutmayacaq.
Hal-hazırda Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə general Məhəmməd Əsədovun adını daşıyır.
Məhəmməd Əsədov müstəqil Azərbaycanın ilk generalı, ordusu olmayan dövləti milis dəstələri ilə, xalqının köməkliyi ilə müdafiə edən unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycan Respublikasının ərazi bütövlüyünə, xalqının azadlığına qurban vermiş general Məhəmməd Əsədova bu yaxınlarda həsr edilmiş tarixi, sənədli, sanballı kitab görkəmli yazıçımız Elçin Mehrəliyevin böyük sənət əsəridir. Əsərdə müəllif generalın Vətəni Zəngəzurdan, onun orada doğulub, yaşadığı illərdən, ömrünün faciəli Qarabağ günlərinə qədər rastlaşdığı bütün hadisələri qələmə almışdır. Bu tarixi, sənədli əsər gələcək nəsillərin milli-mənəvi ruhunun formalaşmasına, vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır. Əsərə ön sözü mərhum akademik Bəkir Nəbiyev yazmışdır. General Ramiz Məmmədov Məhəmməd Əsədovu yaxından tanımış, 1981-91-ci illərdəki fəaliyyətini birbaşa izləmişdir. Bütün bunlar göstərir ki, general Məhəmməd Əsədov kimi tarixi şəxsiyyətlər xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi hər zaman sevgi ilə anılacaq.
Hazırladı: Fərid Faiqoğlu
AJB-nin üzvü