Əsrə bərabər 20 il - müdrik lider, böyük strateq, qalib sərkərdə
13-yan, 17:36 110 Gündəm / SiyasətTarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. Bu gərgin, yorulmaz fəaliyyətin nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın iştirakı olmasın, rəyi nəzərə alınmasın.
Sözsüz ki, “Domokl qılıncı” kimi başımızın üstünü kəsdirən Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Nəticədə 30 il Vətən həsrəti ilə alışıb-yanan insanların doğma torpaqlarına qayıdışı təmin olunur. İşğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, qısa müddət ərzində bütün keçmiş qaçqın və məcburi köçkünlərin doğma yurda, öz ev-eşiklərinə dönüşü baş tutacaq. Dövlətimizin başçısı Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Etiraf edək ki, bu xoşbəxtlik çox az liderə nəsib olur.
20 ilin nəticələri göz önündədir. Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs vermişdi və ötən illər də göstərdi ki, onlar seçimlərində yanılmayıblar. İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
İkinci Qarabağ müharibəsi 30 illik işğal, təcavüz, təqib, münaqişəyə son qoymaqla yanaşı, xalqa milli qürur hissini qaytardı. Qalib dövlətin vətəndaşı olmaq sevincini sadəcə sözlə ifadə etmək olmur. İlham Əliyev xalqa özünün Qələbə gününü qeyd etmək şərəfini nəsib etdi. Tək bu uğur onu Azərbaycan xalqının əbədi liderinə çevirib. Bu qələbə ilə Prezident İlham Əliyev tək Ümummilli Liderin deyil, milyonlarla insanın arzusunu reallaşdırmış oldu. İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu və Azərbaycan xalqı təsəvvüredilməz qürur və sevinc hissləri yaşadı. Bu qürurlu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli ordumuzdur. Həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi.
Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Bu, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu.
Şəfahət İmranov
Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru