Bakıda hoteldə yanğın olub: Ana və körpəsi xilas edildilər


Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri cəlb olunub.
“Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4500 kvadratmetr olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və iki metr elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hotel binası yanğından mühafizə olunub”, - deyə qeyd olunub.