Fuad Hüseynəliyev: “XİN başçılarının görüşündən tezliklə nəticə gözləmək sadəlövhlükdür”
29-fev, 20:23 91 GündəmOxu.Az xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24 TV”də yayımlanan “İşgüzar səhər” verilişində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində keçirilən görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, nazirlər arasında keçirilən görüşdə hansısa ciddi irəliləyişə nail oluna bilər, amma bu barədə geniş ictimaiyyətə bir az gec məlumat veriləcək:
“Çünki irəliləyiş varsa, sülh müqaviləsinin imzalanma mərhələsinə çatdığı təsəvvürünün formalaşması üçün üzərində xeyli iş görülməlidir. Məlum olduğu kimi, uzun müddətdir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmirdi. Bu görüş də xeyli fasilədən sonra baş tutdu. Əvvəlcədən iki ölkənin sülh təklifləri onlayn şəkildə müzakirə olundu. İndi isə nazirlərin görüşü bütün məsələlərin üzərindən keçib təsdiqlənməyə imkan verəcək. İstənilən halda sülh müqaviləsini Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan imzalamalıdır”.
F.Hüseynəliyev xatırladıb ki, Qranada görüşünə Azərbaycan tərəfi qatılmamışdı:
“Bunun səbəbini açıq şəkildə bəyan etmişdik. Masada Fransa var idi və bu dövlət özünü vasitəçi kimi sırımaq istədiyindən Prezident İlham Əliyev Qranadaya getmədi. Azərbaycan tərəfi bildirdi ki, Fransa varsa, Türkiyə də olsun. Buna digər iştirakçılar, həmçinin Ermənistan etiraz etmişdi. Ona görə də Azərbaycan Qranada görüşünə qatılmadı və heç bir bəyanata imza atmadı. Paşinyanın Qranada görüşünə istinad etməsi havadarlarına mesaj, cəmiyyəti sakitləşdirmək cəhdidir. Nikol demək istəyir ki, Fransa əvəzinə Almaniya olsa da, Qranada xəttini davam etdirir. Amma görünür ki, Almaniya sırf məkan olaraq seçilib. Almaniyanın xarici işlər naziri müzakirələrdə iştirak etmir. Sonradan naharda hansısa söhbətlər aparıla bilər, amma faktiki Azərbaycan və Ermənistanın müzakirəsinə almaniyalı nazir qatılmadı”.
Agentlik direktoru Prezident İlham Əliyevin fevralın 28-də Almaniyadan gələn böyük bir nümayəndə heyətini qəbul etdiyini xatırladaraq görüşdə önəmli mesajlar verildiyini söyləyib:
“Almaniya digər ölkələrə nisbətən neytral vasitəçi ola biləcəyini göstərdi. Parisdən fərqli olaraq, Berlin Ermənistanı silahlandırmır, buna yönəlik addımlar atmır. Almaniya ilə bundan əvvəl də sıx əlaqələrimiz mövcud idi. İqtisadi və siyasi əməkdaşlığımız yüksək səviyyədə olub. Amma Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə çıxış edən deputatlardan biri elə alman idi. Həmin deputat Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Almaniya ilk növbədə buna aydınlıq gətirməlidir. Biz aydınlaşdırmalıyıq ki, AŞPA-da səsləndirilən fikirlər Almaniyanın ümumi xəttidir, yoxsa hansısa deputatın fərdi mövqeyidir? Prezident İlham Əliyev də qeyd etdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya ilə aydınlaşdırılmalı proseslərin bu yöndə olduğunu düşünürəm. Yəni, AŞPA-dakı çıxışlardan sonra rəsmi Berlinin mövqeyi Azərbaycana qarşı yönələ bilərmi? Yoxsa həmin mərhələni unudub, gələcəyə baxırıqmı?”.