Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür
22-mar, 12:01 89 GündəmBu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür. Onun doğumundan 91 il keçir.
Oxu.Az xatırladır ki, Rübabə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. O çox qısa müddətlik də olsa, Sabirabad Dövlət Dram Teatrında çalışıb. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.
1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinifində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub. O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinifində təhsil alıb. 1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni karyerasında böyük uğurlar qazanıb.
Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Onun ifasında olan Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” - Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” - Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” - Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” - Ş. Axundova) obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 9 iyun 1959-cu ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Bəstəkarlar istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun. O isə hər mahnını bəyənməzdi, ürəyinə yatanı seçib oxuyardı. İndi o mahnıların hamısı “Qızıl Fond”da və Dövlət Səs Yazıları Arxivində saxlanılır. Amma xanəndənin qeyri-adi, qəlblərə işləyən səsi Azərbaycan musiqisi yaşadıqca təkcə lent yazılarının deyil, xalqın yaddaşında yaşayır.
1961-ci ildə Rübabə Muradova Opera və Balet Teatrında “Leyli və Məcnun” operasını oynayıb. Rübabə Muradovanın tərəf müqabili Qulu Əsgərov olub.
Xalq artisti, mahir tar ifaçısı Ağasəlim Abdullayev, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar artist Mirnazim Əsədullayev və digərləri öz müsahibələrində Rübabə Muradova barədə çox dərin, ürəklərə toxunan fikirlər səsləndiriblər. Sənət yoldaşları deyirlər ki, o musiqi ilə qidalanardı. Rübabə xanımla qastrollarda, konsertlərdə olan sənətkarlar deyirlər ki, Xalq artisti tez-tez həbsxanalarda konsertlər verirdi. Ondan soruşanda isə “dustaqlar üçün oxumaq savabdır” deyirdi.
Bütün Azərbaycanın sevimlisi olan Rübabə Muradova sənətdə qazandığı uğurları şəxsi həyatında qazana bilməyib. Təəssüf ki, onun şəxsi həyatı uğurlu olmur.
Eləcə də anasının vəfatı onun həyatında dönülməz yollar açır. Anasını itirdikdən sonra siqaret çəkməyə və içki içməyə başlayır. İçki alüdəçiliyi Xalq artistini sirroz xəstəliyinə düçar edir.
Vəziyyəti ağırlaşan Xalq artisti Bakıda 5 saylı xəstəxanaya yerləşdirilib. Beləliklə də, həkimlərin bütün səylərinə baxmayaraq, 28 avqust 1983-cü ildə vəfat edib. Xalq artistinin cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Oxu.Az görkəmli Xalq artistinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.