Əliyev Blinkenə nəyi başa salıb? - TƏHLİL
04-apr, 13:14 97 Gündəm / SiyasətABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi mövcud Vaşinqton-Bakı siyasi gərginliyinin həlli arayışları səylərinin tərkib hissəsidir.
Halbuki, Bakı da, Vaşinqton da həll düsturlarını axtardığı zamanda Qərbdə Azərbaycan-Ermənistan sülh gündəliyinə neqativ təsir cəhdləri prosesi zədələyir.
Vaşinqton bu zədələmə prosesinin tərkib hissəsinə çevrilir, yoxsa əsla aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan sammitində maraqlı olmazdı.
İlham Əliyev də ABŞ-nin mövqeyi ilə bağlı narahatlığını Blinkenin diqqətinə çatdırıb. Hərçənd ki, ABŞ baş diplomatı Əliyevi inandırmağa çalışıb ki, üçtərəfli görüş Azərbaycanın maraqlarına qarşı yönəlməyib.
Bunlara baxmayaraq, Blinkenin Əliyevə zəngi ABŞ-nin Azərbaycanla münasibətlərindəki xoşməramlı məqamların inkişaf etdirilməsi baxımından önəmlidir.
Azərbaycanın isə şərti var: ABŞ Cənubi Qafqaz regionunda geosiyasi sima olmaq istəyirsə, Bakıya qarşı İrəvana dəstək vermək xəttindən qopmalı və qeyri-müəyyənliyini düzəltməlidir.
Onsuz da, Azərbaycanla ABŞ arasında təhlükəsizlik və energetika sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Lakin ABŞ-ni Azərbaycanla münasibətlərdə qeyri-adekvatlıq məcrasına çəkməklə geosiyasi mübarizə dalğasının yeni mərhələsinə nail olmaq cəhdləri görünür.
Bu mərhələni başlatmaq istəyən əsas oyunçu Fransadır və Paris regionda guya kollektiv Qərbin maraqlarından çıxış etdiyi görüntüsü yaradıb ABŞ-dən mümkün ssenarilərdə dəstək axtarır.
Bunun özü Qərbin özündə belə, bölücü yanaşmadır, çünki Fransa regionda Ermənistan vasitəsilə “nümayiş” yaratmaq iddiası ilə elə NATO-nun maraqlarına toxunur.
Hərçənd, o da bəllidir ki, NATO-nun əsas beyni ABŞ ilə Fransanın Ermənistanla əlaqədar mövqelərində oxşarlıqlar ola bilər. Ancaq Fransa bu oxşarlıqları iki vasitə ilə Azərbaycana qarşı müqavimət oxuna çevirməkdə həvəslidir.
Birincisi, Fransa Avropa İttifaqındakı hərbi və siyasi nüfuzundan istifadə edərək İttifaqı Azərbaycana qarşı tətikləyərək ABŞ-dən “kollektiv Qərbin dəstəyi” formatında kömək istəyir.
İkincisi, Fransa Azərbaycanla ABŞ arasındakı mübahisələri şişirdib münasibətlərdə rezonans doğuracaq nəticələrə nail olmağı hədəfləyir.
Azərbaycan strateji yanaşma və əhatəli analizlərlə bu nəticəyə gəlir ki, regionda Ermənistanın xeyrinə hərbi dəstək, hərbi infrastrukturun yaradılması sülh proqramını korlayır.
Bakı başa düşür ki, bu, ABŞ-nin özünü də Rusiya ilə mübarizə həvəsinə salsa da, nəticədə Vaşinqtonun regiondakı maraqları zərbə ala bilər.
Buna görə də Əliyevlə Blinkenin danışığından bu nəticəni çıxarmaq olar ki:
- Azərbaycan ABŞ-ni öz maraqlarının işığında ən düzgün konstruktiv mövqeyə doğru çəkmək istəyir,
- Bakı Ermənistanın silahlandırılması fonunda başlaya biləcək regional eskalasiyada ABŞ-ni Fransa ilə eyni öhdəlik nümayiş etdirməməyə səsləyir,
- Həmçinin, vurğulayır ki, ABŞ regionda çoxtərəfli təhlükəsizlik yanaşmasını Azərbaycan-Ermənistan gündəliyində ikincinin tərəfini tutmaq formasında qurmamalıdır.
Aqşin Kərimov