Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daima yaddaşlarda yaşayacaqdır!
10-may, 13:00 66 Gündəm / SiyasətŞəki Şəhər 7 Sayli Regional Meşə Təsərrüfatının müdiri Fizuli Məmmədov: Azərbaycanın dağılmaq, yox olmaq təhlükəsi qarşısında qaldığı bir dönəmdə olduqca böyük bir məsuliyyətin altına girərək ölkəni uçurumun bir addımlığından xilas edən Ümummilli Lider Heydər Əliyev əbəs yerə Müasir Azərbaycanın memarı hesab olunmur.
Siyasi böhranın, xaosun hökm sürdüyü bir vaxtda ikinci dəfə hakimiyyətə qayıdan Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik əsaslı şəkildə azaldı, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu.Təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 3 oktyabr 1993-cü il isə Azərbaycanın inkişaf tarixində yeni səhifə oldu. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi inkişafa, zəfərə aparan yolun başlanğıcına qədəm qoydu. Əlbəttə ki, bu yol məşəqqətli, dolanbaclı, həm də olduqca şərəfli bir yol idi. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən qoruyaraq sabitlik və iqtisadi inkişafa nail oldu. Qlobal enerji layihələrini reallaşdırmaqla Vətənə sədaqətli xidmətin nümunəsini ortaya qoydu.
Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdir: "Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm."
Ümummilli Lider həyatının sonuna qədər andına sadiq çıxdı. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Heydər Əliyev 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycan Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı.
Mərhum Prezidentimizin qeyd etdiyi kimi, "Vətəndaş" sözü böyük sözdür, müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyalar üçün münbit şəraitin yaradılması istiqamətində xeyli mütərəqqi işlərə imza atdı. Ulu öndərin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində Qafqazın ən böyük siyasi institutu oldu.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.