2 İYUL POLİSLƏRİN PEŞƏ BAYRAMI GÜNÜDÜR. TƏBRİK EDİRİK!
01-iyl, 17:08 59 GündəmUlu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə idi
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayır
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
Dövlətimizin başçısı da daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.
Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Azərbaycan Polisi pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət aparırdı
Xüsusi vurğulamaq lazımdır ki, dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Bu mühüm məsuliyyəti dərindən dərk edən daxili işlər orqanlarının əməkdaşları pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı. Bu çətin günlərdə Azərbaycan Polisinin nümunəvi xidmətinə ən yüksək qiyməti də məhz Prezident İlham Əliyev vermişdi: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.
DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
2 iyul Azərbaycanda Polis Günü, Azərbaycan polisinin yaranma günü kimi əhəmiyyətli bir tarixdir. Bu gün, polisin tarixi, vəzifələri və cəmiyyətdəki rolu barədə düşünmək və onların əməklərini qiymətləndirmək üçün bir fürsətdir. Azərbaycan polisi, ictimai asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə və qanunvericiliyin icrasında mühüm rol oynayır və bu gün onların xidmətlərini qeyd etmək üçün xüsusi bir gündür.
Bütün polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da xidməti vəzifələrinin yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirəcəklərinə əminliyini bildirir.
Teymur Hacıyev
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi