Mətbuat işçiləri Azərbaycanın dövlətçilik maraqlarını daim uca tutur
21-iyl, 17:34 65 Gündəm“Əsası 1875-ci ildə qoyulan Azərbaycan mətbuatı böyük və şərəfli tarixi bir yol keçərək indiki səviyyəsinə yüksəlib. Ötən 149 ildə bu sahənin görkəmli nümayəndələri öz peşələrinə vicdanla yanaşmış, vəzifələrini layiqincə yerinə yetirmiş və xalqımıza yorulmadan, bütün təzyiqlərə, əngəllərə baxmayaraq, böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, milli mətbuatımızın başlanğıcı sayılan “Əkinçi” qəzetinin ərsəyə gəlməsi Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar və tarixi bir hadisə idi, mətbuatımızın formalaşmasına, təşəkkülünə və inkişafına misilsiz töhfələr verib. Düzdür, qəzet qısa ömür sürdü, cəmi 56 sayı işıq üzü gördü, amma tərəqqipərvər ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin rəhbərliyi ilə xalqımızın maariflənməsi, ictimai-siyasi proseslərdən xəbər tutması, həmçinin onlarda demokratik təfəkkürün, milli kimliyin formalaşması istiqamətində tarixi uğurlara imza atdı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, böyük bir ənənənin əsasını qoyan və nümunəyə çevrilən “Əkinçi”nin ardından nəşr olunmağa başlayan onlarla qəzet və jurnal cəmiyyətin inkişafında əhəmiyyətli işlər gördü: “Belə ki, milli özünüdərkdə, oyanış hərəkatında, xalq arasında birliyin və həmrəyliyin yaranmasında və möhkəmlənməsində, eləcə də geniş ziyalı ordusunun yetişməsində müstəsna rol oynadılar. Tanınmış qələm sahibləri dərc etdirdikləri məqalələrlə bədii fikrin inkişafına, Ana dilimizin daha geniş təbliğinə çalışırdılar. Xüsusi ilə həmin dövrün mətbuatı elm adamlarının və ədəbiyyat nümayəndələrinin cəmiyyətdə tanınması, əsərlərinin və fikirlərinin təbliği üçün də mühüm vasitəyə çevrilmişdir. Unutmaq olmaz ki, 1918-ci ildə müstəqil dövlətimizin yaranmasında milli mətbuatımızın danılmaz xidmətləri olub. İstiqlaliyyət uğurunda qətiyyətlə mübarizə aparan mütəfəkkirlərimiz azad yaşamağın, müstəqil dövlətə sahib olmağın əhəmiyyətini xalqa məhz mətbuat vasitəsilə çatdırırdılar. Bu istiqamətdə görülən işlərin, yorulmaz mücadilənin nəticəsi idi ki, Azərbaycan xalqı demokratik, xalqın hakimiyyətinə əsaslanan respublika yaratmağı bacardı”.
“Müasir Azərbaycan mətbuatından danışarkən isə xalqımızın böyük oğlu, Ümummilli Lideri Heydər Əliyevin bu sahənin inkişafına verdiyi bənzərsiz töhfələri xüsusilə vurğulamaq lazımdır. Ulu Öndərimizin bütün sahələri əhatə edən və inkişafına geniş yol açan ardıcıl islahatları kütləvi informasiya vasitələrini də əhatə etmişdir. Belə ki, qısa müddətdə ölkəmizdə söz və məlumat azadlığı təmin edildi, buna mane olan süni əngəllər aradan qaldırıldı, bu sahənin fəaliyyətini tənzimləyən və inkişafına səbəb olan qanunlar qəbul olundu. Mətbuatdan qayğılarını əsirgəməyən, jurnalistlərin dostu hesab olunan Ulu Öndərimiz eləcə də hərbi senzuranı aradan qaldırdı, 1998-ci ildə isə, ümumiyyətlə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Təbii ki, bütün bunlar mətbuatın sərbəst fəaliyyətinə, sürətli inkişafına gətirib çıxardı”, – Səttar Möhbalıyev deyib.
AHİK sədri vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində bu gün Azərbaycan mətbuatı inkişafının ən yüksək mərhələsindədir: “Hazırda ölkəmizdə yüzlərlə media subyekti sərbəst fəaliyyətini davam etdirir, onların səmərəli və keyfiyyətli işi üçün dövlətimiz hər cür şəraiti yaradır. Odur ki, artıq mətbuatımız qlobal informasiya şəbəkəsinə daxil olub, dünyanın tanımış və nüfuzlu media orqanları tərəddüd etmədən Azərbaycan KİV-nə istinadlar edir, informasiya mübadilələri həyata keçirilir. 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Əminlikdə söyləmək olar ki, MEDİA Agentliyi media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışır. Eyni zamanda jurnalistlərin sosial müdafiəsi də dövlətimizin diqqətindən yayınmır. KİV-lərə göstərilən birdəfəlik yardımlar, jurnalistlərin orden və medallarla təltif edilməsi, güzəştli ipoteka kreditindən yararlanmaları və başqa bu kimi hallar dövlət qayğısının göstəriciləridir”.
AHİK sədri əlavə edib ki, bu gün Azərbaycanın mətbuat və informasiya sistemi hətta dünyanın ən qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət gücündədir: ”Ölkəmizin media orqanları və orada çalışan peşəkar jurnalist ordusu dəqiq, qərəzsiz, mötəbər informasiyalarla yerli və beynəlxalq ictimaiyyəti dürüst və operativ xəbərlərlə təmin edir. Azərbaycanda bu peşənin sahibləri daha çox yüksək vətənpərvərliyi ilə seçilir, beynəlxalq səviyyədə geniş vüsət alan saxta, əsası olmayan, cəmiyyəti çaşdıran informasiyalardan uzaq durur, Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar. Yeri gəlmişkən, ölkəmiz uzun illərdir fasiləsiz olaraq informasiya cəbhəsində də mübarizə aparır, fədakar jurnalistlərimiz əsl həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışanların məkrli planlarını darmadağın edirlər”.
Fərid Faiqoğlu
"Xezertv.info"nun rəhbəri,
AJB-nin üzvü