Ankara və Moskva münasibətlərində sınaq nöqtəsi (ŞƏRH)
21-avq, 12:21 32 Gündəm"Moskvanın belə mövqe sərgiləməsi təsadüfi deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mixail Qaluzinin Ankaranın Moskvadakı səfirilə görüşündə Türkiyəni Ukrayna məsələsində Qərbin yürütdüyü siyasətdə iştirakdan imtina etmək çağırışına münasibət bildirərkən deyib.
Onun bildirib ki, Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir:
"Bəllidir ki, Türkiyə Qərbdən fərqli olaraq Ukrayna məsələsində ayrı bir mövqe sərgiləyir. Hətta müharibə aparan tərəflər Türkiyə ərazisində görüş və danışıqlar aparmağı qəbul ediblər. Həmçinin, taxıl ixracı barədə razılıq, əsirlərin dəyişdirilməsi də məhz Türkiyənin vasitəçiliyilə baş tutub. Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir. Necə ki, Azərbaycan da belə bir mövqedədir. Türkiyə bu mövqeyi açıq şəkildə bəyan etməklə yanaşı, eyni zamanda çalışır ki, münaqişə edən iki tərəflə münasibətlər saxlasın və onlara qarşı hansısa xoşniyyətli xidmətlər göstərsin. Yəni vasitəçilikdən başqa, hansısa şəkildə onlara görüşmələri və siyasi yollarla problemləri həll etmək üçün imkanlar yaratmağa da çalışır".
Həmsöhbətimiz qeyd edib ki, Rusiyanın Ankaraya yönəlik bu çağırışının hansı hadisə ilə əlaqədar baş verdiyini söyləmək çətindir:
"İndiki mərhələdə Rusiya tərəfinin Türkiyənin daha çox Kiyevin mövqeyinə yaxın olduğunu hansı səbəblərdən hiss etdiyini bilmirəm. Yəni hansı hadisə ilə əlaqədar bunun baş verdiyini demək çətindir. Amma Rusiya XİN rəsmisi Qaluzinin Türkiyənin səfirilə görüşü onu göstərir ki, Moskvanın belə mövqe sərgiləməsi hansısa baş verən hadisə ilə əlaqədardır. Diplomatik münasibətlərin hansısa mərhələsində mövqelərin fərqlənməsi normal haldır. Diplomatik təmaslar da hansısa məsələlərə aydınlıq gətirilməsi və yaxud həll edilməsi üçün lazımdır. Amma ümumiyyətlə bir şeyi qeyd etmək lazımdır ki, Türkiyə sözügedən tərəflərə münasibətdə yürütdüyü mövqeyi davam etdirməyi özü üçün daha xeyirli hesab edir".
Qeyd edək ki, avqustun 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tancu Bilgiçi onun xahişilə qəbul edib. Görüşdə Ukrayna ətrafında cərəyan edən məsələlər müzakirə predmeti olub. Qaluzin həmçinin Türkiyəni kollektiv Qərbin Ukraynada yürütdüyü "destruktiv siyasətdə" iştirakdan imtina etməyə çağırış edib.
Rüfət Sultan