Botanika İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
12-sen, 21:23 31 GündəmBotaniki İnstitutunun əməkdaşları Naibə Mehdiyeva, Kəmalə Əsədova və Nigar Mürsəl qızının həmmüəllifi olduğu “Artemisia verlotiorum (ASTERACEAE) – новый вид для флоры Азербайджана” (Azərbaycan üçün yeni növ–Artemisia verlotiorum (Asteraceae) adlı məqalə “Ботанический журнал”da (Scopus) çap olunub. Məqalə müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələrinə əsasən Azərbaycan ərazisi üçün yeni növ olan Artemisia verlotiorum Lamotte növünün aşkarlanmasından bəhs edir.
Məqalədə ilk dəfə olaraq yeni invaziv Artemisia verlotiorum növünün Azərbaycanın (Böyük Qafqazın qərbi, Kiçik Qafqazın şimalı, Lənkəran ovalığı və Abşeron) florasında müəyyən edildiyi qeyd edilir. Növün aşkar edilmiş populyasiyaları, onların sayı, tutduğu ərazilər, habelə onların bitdiyi yerlərdə fitosenozların qısa təsviri haqqında məlumat verilir. Şərqi Asiya mənşəli olan növ ilk dəfə Avropadan təsvir edilsə də, sonralar bir çox ölkələrdə “invaziv bitki” statusu ilə naturalizasiya olunmuşdur. Bu növ Azərbaycan ərazisində dəniz səviyyəsindən -24 m-dən 426 m-ə qədər yüksəklikdə mədəni əkinlər, Xəzər dənizinin sahil hissəsi, suvarma arxlarının kənarları, meşələrin tərk edilmiş ərazilərində rast gəlinir. Monitorinqlər nəticəsində məlum olmuşdur ki, respublikanın qeyd edilən rayonlarında A. verlotiorum növü qeyri-bərabər uyğunlaşma imkanlarına malikdir və çox güman ki, bitkinin həyatiliyi böyümə şəraitindən - iqlim xüsusiyyətlərindən, torpağın keyfiyyətindən, rütubət rejimindən və s. asılı olaraq dəyişir.
Xezertv.info