Cəbrayıl torpaqlarına yeni həyat qayıdır
03-okt, 22:09 39 GündəmMəşhur Məmmədov
Milli Məclisin deputatı
44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə sonlanması təqvimə yeni tarixi günlər bəxş edib. Bunlardan biri də 4 oktyabr - Cəbrayıl şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı bu rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
Rayon ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.
Cəbrayıl erməni vandalizmindən ən çox zərər görən rayondur. Dağtumas kəndinin yaxınlığında yerləşən Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
2016-cı il Aprel döyüşləri qələbəyə aparan döyüş yolumuzda mayak rolunu oynadı. Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Qələbənin davamı 4 il sonra 2020-ci il Vətən müharibəsi dövründə gəldi. Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu. Bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Cəbrayıl üçün yeni dövr başlayıb və bərpa-quruculuq işləri uğurla davam edir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, keçmiş məcburi köçkünlər 26 sentyabrda Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Cənab İlham Əliyev dəfələrlə Cəbrayıla səfərlər etmiş, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş və açılışlarda iştirak etmişdir. Görülən işlər onu deməyə əsas verir ki, Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək.
www.AzadMedia.az