İran İsraillə müharibəyə hazırlaşır, lakin bundan qaçmaq üçün hər şey edir - NYT
25-okt, 12:12 26 Gündəm / Dünyaİran hakimiyyəti ölkənin silahlı qüvvələrinə İsraillə müharibəyə hazır olmağı əmr edib. Eyni zamanda, Tehran Livan və Qəzza zolağında nəzarət altında olan qruplaşmaların məhv edilməsi bahasına olsa belə, qarşıdurmadan qaçmağa çalışır.
Qaynarinfo bu barədə "The New York Times”a istinadən xəbər verir.
Dörd İran rəsmisi nəşrə bildirib ki, Ali Rəhbər Ayətullah Əli Xamenei İran ordusuna İsrailin gözlənilən zərbəsinə cavab vermək üçün çoxsaylı planlar hazırlamağı əmr edib.
Onlar xəbərdarlıq edirlər ki, İran ərazisinə ciddi ziyan dəysə və ya qurbanlar olarsa, İslam dövləti hücum edəcək. Eyni zamanda, İsrail yalnız məhdud sayda hərbi obyektlərə və silah anbarlarına zərbələr endirərsə, Tehran heç bir reaksiya verməyə bilər.
İkisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olan rəsmilər qeyd ediblər ki, əgər İsrail neft obyektlərinə, nüvə qurğularına və ya yüksək vəzifəli məmurlara hücum edərsə, İran mütləq cavab verəcək. Xüsusilə, 1000-ə qədər ballistik raketdən istifadə edilən hücum və ya regionda enerji təchizatının pozulması istisna edilmir.
Nəşrin yazdığına görə, son həftələr İran regional ərəb ölkələri ilə müttəfiqliyini gücləndirməyə çalışır, lakin eyni zamanda onlara xəbərdarlıq edir ki, hücum zamanı İsrailə istənilən yardım onları qanuni hədəfə çevirəcək.
Hökumətə yaxın siyasi analitik Nasser İmani NYT-yə müsahibəsində qeyd edib ki, İran İsraillə böyük müharibəyə can atmır, çünki bölgənin "partlamasında" heç bir üstünlük görmür.
Onun sözlərinə görə, indiki mərhələdə İran İsraillə müharibəni öz mövcudluğu üçün təhlükə hesab etmir. Lakin o, əmindir ki, uzunmüddətli münaqişə dağıdıcı olacaq və yeni hökumətin ABŞ-ın sərt sanksiyalarını ləğv etmək və İran iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq ümidi ilə Qərblə danışıqlar planlarını pozacaq.
SEPAH-ın iki üzvü nəşrə qeyd edib ki, İraq və Suriyada taborlara komandanlıq edən və hazırda İslam Dövləti yaraqlılarına qarşı döyüşən yüksək rütbəli generallar bütün sərhəd əyalətlərində yerləşdirilib.
Narahatlıq ondan ibarətdir ki, İran müharibəyə girərsə, silahlı etnik separatçı qruplar və İŞİD kimi yaraqlılar hücumlar həyata keçirə və iğtişaşlara səbəb ola bilər.
Nizami Bağırov