Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
21-noy, 14:40 218 Gündəm / Siyasət / CəmiyyətHər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar.
Eyni zamanda, tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.
YAP-ın III qurultayda Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsi partiyanın inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev partiya haqqında vurğulayıb: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu gün də çox yüksək səviyyədədir. Partiyanın Sədri kimi mən də ona rəhbərlik edirəm. Çox şad oluram ki, partiyamızın imkanları da, təsir dairəsi də artır. Partiyaya üzv olmaq istəyənlərin də sayı artır. Bu da çox müsbət əlamətdir. Xüsusilə, gənclər tərəfindən partiyaya maraq və üzv olmaq istəkləri onu göstərir ki, bizim partiyamızın çox cəlbedici məramı, proqramı var. Eyni zamanda, partiyaya daxil olmaq istəyənlərin sayının artması onu göstərir ki, bütövlükdə, partiyanın fəaliyyəti çox müsbətdir və insanlar tərəfindən dəstəklənir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Yeni Azərbaycan Partiyası xalqımıza qazandırdığı qələbələrlə milli maraqların və hərtərəfli tərəqqinin siyasi lokomotivi olduğunu dönə-dönə sübut etmişdir. Partiyamızın lideri olan Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuz 2022-ci ilin payızında düşmənin bir neçə ilə ələ keçirdiyi və 30 il işğal altında saxladığı torpaqlarımızı cəmi 44 gündə azad etdi. Təcavüzkar Ermənistanın quduz hərbi birləşmələri ildırım sürətilə darmadağın edildi. Məhz bunun nəticəsidir ki, son 28 ildə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq olaraq qeyd etdik.
1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Partiya Sədrinin dediyi kimi, YAP-la heç bir qüvvə rəqabət aparmaq iqtidarında deyil: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək”.
Xəqani Məmmədov
Siyəzən rayon polis şöbəsinin rəisi, polis-polkovniki