Həssas əhali qrupları arasında məşğulluğun artırılması istiqamətində peşə kurslarının icrası yekunlaşdı
25-okt, 18:28 50 Gündəm / CəmiyyətAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMEVŞAİB) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həssas əhali qruplarının məşğulluğunun artırılması məqsədilə təşkil edilmiş peşə kurslarının icrasını müvəffəqiyyətlə başa vurdu. Layihə, 2024-cü ilin may ayının 1-dən oktyabr ayının 31-dək davam etmiş və müxtəlif peşələr üzrə ixtisaslı kadrlar yetişdirmək üçün nəzərdə tutulmuşdur.
Layihənin rəhbəri Mehdi Mehdiyev bildirmişdir ki, kurslar çərçivəsində “Rəqəmsal marketinq”, “İnteryer dizayn” və “Veb-saytların yaradılması” ixtisasları üzrə təlimlər təşkil edilmişdir. May ayında hazırlıq işləri və kurslara namizədlərin seçimi həyata keçirildikdən sonra, iyun-oktyabr ayları ərzində kurslar başlamışdır. İyul ayında “Rəqəmsal marketinq” üzrə kurslar yekunlaşmış, “İnteryer dizayn” və “Veb-saytların yaradılması” kursları isə oktyabr ayında sona çatmışdır.
Ümumilikdə, hər kursa həssas əhali qrupundan 10 nəfər cəlb olunması nəzərdə tutulsa da, faktiki olaraq “Rəqəmsal marketinq” kursunda 11 nəfər, “İnteryer dizayn” kursunda 10 nəfər və “Veb-saytların yaradılması” kursunda 12 nəfər iştirak etmişdir. Beləliklə, 33 nəfər kursları uğurla başa vuraraq sertifikatla təltif olunmuşdur.
Layihənin yekun mərasimlərindən biri olan “Veb-saytların yaradılması” kursunun buraxılış tədbirində iştirak edən valideynlərdən biri, qazi Bəhram Şeydayev, AzQMEVŞAİB-ə və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək, belə təşəbbüslərin cəmiyyətə və iştirakçılara verdiyi dəyəri vurğulamışdır.
Təlimlərin davamlı olmasının vacibliyi və gələcəkdə belə layihələrin həyata keçirilməsi üçün marağın olduğu qeyd edilmişdir. Tədbir, iştirakçıların xatirə şəkili ilə yekunlaşmışdır.