“SÖZ DƏ BİR YADİGARDI” - BƏYLƏR NƏSİRLİNİN SÖZ HAVASATI
12-yan, 19:24 222 Gündəm / Cəmiyyət / Sosial“Düşüncələrim: Yaradılışımız. Səbəb və məqsəd”, “Dinə - imana gedən yol”, “Dəhnamə” poemasında Ş.İ.Xətainin sufi görüşləri”, “Allaha tapınan söz adamı”, “Etik və estetik tərbiyə humanizm prinsipləridir”, “Gecikmiş fəryad”, “Kəşf olunmamış insan”, “Yenə susacaqsan?”, “Yarımçıq qalmış ömür”, “Ömür payım” ... Sadaladıqlarım sövet dönəminin təbirincə desək, “əyalət ziyalısı” (hərçənd ki, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi, məişətdən tutmuş cəmiyyətin bütün sferasında texnoloji nailiyyətin nüfuz etdiyi çağdaş zamanda bu ifadə artıq öz mahiyyətini, leksik mənasını təsbit etməməkdədir) uzun illərin təcrübəsinə malik fililoq-pedaqoq, kənd müəllimi, ruhaniyyət məqamında olan bir el ağsaqqalı Bəylər Nəsirlinin “Orxan” NPM - də çap olunmuş (2021) “Söz də bir yadigardı” ilk kitabına daxil olan sərlövhələrdən iqtibasdır. Kitabda eləcə də duyğu çələngi olan bir neçə şeir də yer almışdır.
Kitabın redakror və ön söz müəllifi olaraq bəri başdan deyim ki, Bəylər müəllimin işıqlı düşüncələri məna çaları ilə çeşidli olmaqla bərabər mütəhərrikdir və insanın özünüdərki çözən mətləblərlə bağlı qavrayışlardan keçir; bu tendensiya milli təfəkkür qaynaqlarına dayaqlanır.
Bəylər Nəsirlini oxuduqca, yaradıcılığı dünya poeziyasının nadir incilərindən olan müqtədir şair Məhəmməd Füzulinin “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” deyimi yaddaşımda yarpaqlanır. Axı Bəylər müəllim ərklə, şəstlə Ulu Sözə üz tutub! O söz ki, onu əzəldə xəlq olan ilk mələk məqamında görürük. O məqam ki, teoloji baxışlara görə, Yaranış Yaradanın “Ol” sözündən var olub. Elə bu məqamın işığındaca deyirəm:
Səcdə etdiyimiz Mütləq Yaradan,
Söz ilə dünyanı var etdi yoxdan.
Sözün cazibəsi ayrılmır ruhdan,
Əzəldə xəlq olan ilk mələklərdir.
Əkilən torpaqtək söz də göyərər,
Toxunma sözə ki,Tanrı diksinər,
İlahi sevgiylə söz əzizlənər,
Sevgilər beşiyi saf ürəklərdir.
Allah kəlamında deyilir: “And olsun qələmə və yazıya”(Qurani-Kərim, Qələm surəsi). Məslək-məramına xaliqə məhəbbət, xilqətə mərhəmət ruhu hopmuş Bəylər müəllimin Ulu Sözə üz tutması da düşünürəm ki, elə bu məqamdan qaynaqlanır.
Bəlli bir həqiqətdir ki, əxlaqi gözəllik və mənəvi təmizliyi özündə ehtiva edən bədii təfəkkür örnəklərinə mənəvi aləmi zənginləşdirmək baxımından hər zaman ehtiyac duyulur. Cəmiyyətin sağlam ruhda tərəqqisi, inkişafı həm də insanların mənəviyyatca, əxlaqca kamilliyindən, cəmiyyət qarşısında özünün ictimai borcunu şüurlu olaraq dərk etməsindən asılıdır. Təbii ki, əxlaq insanların dünyabaxışı, əqidə və inamı ilə sıx bağlıdır. Bu baxımdan Bəylər Nəsirlinin düşüncələrinin çağırış motivli təlqinləri diqqət çəkir.
Bəylər müəllim öz düşüncülərini teoloji, dəruni, fəlsəfi, memuar, didaktik, poetik, pedaqoji, bədii libasda təqdim edir və uğurlu da alınır. Bu uğura təməl isə şübhəsiz ki, onun dərin savadı, böyük təcrübəsi, həsas qəlbi, analitik təfəkkürü, mütəhərrik idrakı, özünə inamı və ən əsası insanlığa, Tanrıya sevgisidir.
Qəlbində Tanrı işığı olan bir söz adamının dünyanı ruhani duyumu, mənəvi dəyərlərin işığında islama söykənən inanc qaynaqlarına üz tutması sərgilənib bu işıqlı düşüncələrdə.
Bəylər Nəsirlini oxuduqca, mövzudan-movzuya keçid etdikcə düşüncələr Söz havasatında nəfəs dolusu ruhumu oxşayır. Müəllifin səsini eşidir, nəfəsini duyuram. Bu səs, bu nəfəs ayrı bir məqamda, ayrı bir halda - halətdədir, düşünürəm. Axı Bəylər müəllim tələbə yoldaşım, xarakter - xasiyyətinə bələd olduğum insandır. Amma bu düşüncələr ruh yaxınlığı ilə məhrəmdir... Sən demə yaz havasatı, qış havasatı, dağ havasatı, aran havasatı kimi bir söz havasatı da var imiş. Bu dəfə dostum Bəylər müəllimi mənimlə tanış edən söz havasatı oldu.
Bəylər müəllim aran havasatında dünyaya goz açıb, boya-başa çatıb. Görünür xislətindəki istiqanlılıq da bu qatdan qaynaqlanır. Təbiətindəki duruluq, saflıq da ki dag havasatı ilə ahəngdardır. Xislətindəki aran - dağ havasatından başqa onun bir söz havasatı da ruhundan nəsimitək mehlənir və mehrlənir.
Böyük mütəfəkkir Ərəstunun (Aristotel) “Poetika“ əsərində belə bir fikri var: “Həyəcanlanmayan həyəcanlandıra bilməz”. Zaman-zaman öz sanbal və dəyəri ilə qədimliyi qədərincə müasir səslənən filosofun bu həqiqətinə Bəylər müəllimin söz havasatında bir daha əmin oldum...
Bəylər müəllimin sözünün işığına bələndikcə, sözünə bələd olduqca, söz havasatında nəfəs dərdikcə belə qənaətə gəlmək olur ki, Tanrı sevgisiylə döyünən qəlbin səsindən doğulan sözlə baş-başasan. Bu, bir Söz məqamına gedən yoldur. Ariflərin təbirincə, yol gedənindir!..
Uğurlar diləyirəm, Bəylər müəllim!
TAPDIQ ƏLİBƏYLİ, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.