KƏLBƏCƏRİN UNUDULMAZ ŞƏHİD ÖVLADI: ARİF ƏLİYEV

Həyatda elə insanlar var ki, hələ sağlığında şəxsiyyəti və fəaliyyəti ilə özünü ləyaqət simvoluna çevirməyi bacarır. Belə şəxslər həyatda sakit görünə bilərlər, amma düşdükləri şəraitdə fövqəladə əməlləri ilə xalqın yaddaşında qəhrəman kimi uzun müddət yaşayırlar. 

Elə ibrət götürüləsi şəxslərdən biri də Qarabağ – Kəlbəcər torpağının yetirməsi, dədə-baba torpağında xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş Arif Ağalar oğlu Əliyevdir. Onu  hər kəs tanımalı, gənclər onun nümunəvi əməllərindən ibrət götürməlidirlər.

Arif Əliyev 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində dünyaya göz açıb. 1989-cu ildə Susuzluq kənd orta məktəbində birinci sinfə gedib, 1999-cu ildə orada təhsilini uğurla başa vurub. Elə həmin il də Gəncə Dövlət Aqrar Universitetinə daxil olub. O, ali təhsilini uğurla başa vurduqdan sonra, 2003-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən qarşısında müqəddəs borcunu Naxçıvan Muxtar Respublikasında layiqincə yerinə yetirib. Geri döndükdən sonra, 2005-ci ildə ailə həyatı qurub, 2006-cı ildə ilk dəfə ata adını qazanıb.

2012-ci ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində fəaliyyət göstərməyə başlayıb. Arif Əliyev ona tapşırılan məsul işində vəzifəsini ləyaqətlə yerinə yetirib və çox uğurlu ömür yolu keçib.

O, ömrü boyu şərəf və ləyaqətlə yaşayıb. Mənalı, şərəfli və qısa bir ömür yaşasa da, hər zaman dövlətini, elini, obasını ürəkdən-candan sevən bir insan olub. Həm də ata-baba yurdu Kəlbəcərə daha çox bağlılığı ilə tanınıb. 44 günlük Vətən müharibəsi dövründə səngərdə torpaq keşiyində duran hərbçilərə mənəvi və maddi dəstəyini heç zaman əsirgəməyib.

Arif Əliyev nümunəvi ailə başçısı, əvəzolunmaz ata, dəyərli dost kimi tanınırdı. Lakin bunlara baxmayaraq, 30 illik həsrətimizə son qoyan şanlı ordumuzun möhtəşəm Qələbəsindən bir il ötdükdən sonra o, vəzifə borcunu yerinə yetirmək üçün ata-baba yurdu Kəlbəcər rayonunun Susuzluq kəndinə ezam edilir. Təəssüf ki, ona 30 il həsrət qaldığı doğma diyarını qarış-qarış gəzmək qismət olmur...

Arif Əliyev 4 iyun 2021-ci il tarixində saat 11 radələrində bir neçə media nümayəndəsi ilə birgə işğaldan azad olunmuş doğma Susuzluq kəndinə yola düşür. Onların getdikləri “KamAZ” markalı sərnişin avtomaşını ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşür. Faciə zamanı onunla yanaşı iki media nümayəndəsi də dünyasını dəyişir, daha dörd nəfər isə yaralanır...

Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı, II dərəcəli əlil Mübariz Əliyevinqardaşı ilə bağlı söylədiklərindən:

Qardaşım Arif haqqında çox şey danışmaq olar. Arif bizim evin sonbeşiyi olmağıyla bərabər, yüksək bacarığa, geniş dünyagörüşünə malik ziyalı idi. Biz ailəmizdə hər hansı bir işi görmək üçün əksər vaxtlarda Arifdən məsləhət alardıq. Arif həm evmizdə, həm yaşadığımız kənddə yüksək hörmət qazanmışdı. Kəndin ictimai işlərində fəal iştirak edirdi, sakinlər hər zaman Arifdən məsləhət alardı. Məhz qazandığı bu hörmətə görə Arifin itkisi bizi sarsıtdığı kimi, kənd əhalisini də dərin hüznə qərq etdi. Arifin yoxluğunu biz necə qəbul edə bilmiriksə, tanıyanları da onun yoxluğuyla barışa bilmirlər. Ölüm hamı üçün haqdır. Amma bir həqiqət bəllidir ki, dünyasını dəyişənlər bir daha geri dönməyəcək deyə onların yoxluğuna dözmək olmur.

Ariflə mənim münasibətim o qədər səmimi və hərarətli idi ki, onu sözlə ifadə etmək mümkün deyil. Arifin dünyaya gəlişinin maraqlı bir tarixçəsi var. Valideynlərim danşırdı ki, o zamanlar mənim beş-altı yaşım olardı. Kəndimizdə körpə uşaq doğulanda mən həsəd aparırmışam. Hətta evdə ağlayırmışam ki, hamının balaca bəbəsi var, mənim isə yoxumdur. Uzun həsrətdən sonra valideynlərim qərara gəliblər ki,  mənim arzumu gerçəkləşdirsinlər – dünyaya bir övlad da gətirsinlər. Arifin doğum xəbərini eşidəndə mən yaylaqdaydım. Bizə xəbər verdilər ki, ailənizdə xoşbəxtlik baş verib: oğlan övladı dünyaya gəlib. Yaylaqdan qışlağa, evimizə qədər uzun yolu dayanmadan qaçmışam. Nəhayət, evmizə çatdıqda gördüm ki, çarpayının üstündə üç günlük göyçək bir çağa yatır. Onu kənardan doyunca seyr etdim. Elə yaraşıqlı idi, sanki yataqda mələk yatırdı...

Arif dost dediyi, qardaş bildiyi adamlara çox sədaqətli idi, ona görə də tanıyanlar bu cəhətinə görə onun xətrini istəyirdilər. Hər kəsin köməyinə çatmağa çalışırdı. Kiminsə bir çətinliyi olanda onu ürəyinə salardı. Gözəl yol yoldaşlığı vardı. Heç vaxt deməzdi ki, yorulmuşam. Həyatın bütün çətinliklərinə sinə gərərdi.

Biz onunla 44 günlük Vətən müharibəsi dövründə hərbçilərimizə sovqat daşıyardıq. Günün çox saatlarını bir yerdə olardıq, vətənpərvər insan idi. Vətəninə, torpağına sonsuz bağlı idi. Doğma diyarının harayına getdi, sevimli Kəlbəcərində də şəhidlik zirvəsinə ucaldı. Allahdan Arif qardaşıma və bütün şəhidlərimizə rəhmət diləyirik...

Həyat yoldaşı Ülviyyə xanım xatirələrini belə bölüşür:

Biz 2000-ci ildə nişanlandıq, Arif ali məktəbi bitirdikdən sonra, 2003-cü ildə hərbi xidmətə yollandı. Hərbi xidməti Naxçıvanda başa vurub geri döndükdən sonra 2005-ci ildə toyumuz oldu, xoşbəxt ailə həyatına başladıq. 2006-cı ildə isə ilk dəfə valideyn adını qazandıq. Arif həm özünə, həm də bizə çox gözəl günlər yaşatdı. Qısa, mənalı bir ömür yaşasa da, çox mükəmməl ailə başçısı, necə deyərlər, elin sayılan-seçilən tanınmışlarından idi. Cavanlığından özünü əsl ağsaqqal kimi aparırdı. Elinə çox vicdanlı, ləyaqətli oğul kimi xidmət edirdi. Övladlarımızla xoş günlər keçirərdik. Onların gələcəyi ilə bağlı gözəl xəyallar qurardı...

Amma, necə deyərlər, ömür yolumuzu biz seçmirik. Arif alın yazısına yazılmış ən uca məqama – şəhidlik zirvəsinə ucaldı. Mən hər zaman fəxr etmişəm və indi də qürur duyuram ki, onun kimi ləyaqətli bir şəxsin xanımıyam. Belə bir həyat yoldaşım olduğu üçün qürur duymuşam. Bu dünyaya bir də gəlsəm, desələr ki, Arif Əliyev şəhidlik məqamına ucalacaq, yenə də onu şeçərdim...

İlk övladı Ləman atası ilə bağlı ən gözəl xatirələrini dilə gətirir:

Atamın mənə münasibəti bir qədər fərqli idi. Onun ən böyük arzusu məni ali məktəb tələbəsi görmək olub. Şəhid övaldı olaraq çox qürurluyam. Ona görə qürurluyam ki, atam ən uca məqama ucalıb. Fəqət kədərliyəm ki, atam mənim bu həyatda ən böyük dayağım idi. Bir qız övladı üçün ata itkisi, həyatdakı dayağından məhrum olmaq çox ağır duyğudur. Bu acını ifadə etmək çətindir. 

Atamı itirdiyimdən bir il ötür, amma mən onun yoxluğuna heç cür inana bilmirəm. Atamın şəhidlik xəbərini aldıqda inanmaq istəmirdim. Həmin an həyat mənim üçün bir zülmət gecəyə çevrildi. Hər gün gözləyirəm ki, atam evə qayıdar, amma günlər keçir, ondan bir xəbər gəlmir. İndi həyatımda, sadəcə, ümidlər var. Başda atam olmaqla, şəhidlərimizin xatirəsi əbədi olaraq qəlbimizdə qalacaq. Doğrudur: Torpaq, uğrunda ölən varsa, Vətəndir...

Oğlu Rəvanında atası haqqında fikirləri maraqlıdır:

Atamın bizə münasibəti həmişə tam fərqli olmuşdur. Uşaq yaşlarımızdan başlayaraq o bizi hər gün gəzməyə aparardı. Ölkəmizin gözəl məkanlarını yaxından tanımağımızı istəyərdi. Həmişə bu haqda bizə məsləhətlər verərdi. Bizə deyərdi ki, ölkəmizin hər guşəsi özünəməxsusluğu ilə seçilsə də, doğma ata-baba yurdumuz Kəlbəcər daha gözəldir. Atamla mənim bu haqda bir neçə dəfə söhbətim olub. O, Kəlbəcər haqqında xatirələrini elə gözəl ifadə edərdi ki, 30 il işğal altında inildəyən doğma torpaqlarımızı görməsəm belə, oralara sevgim günü-gündən artırdı.

Atam bir gün doğma yurdumuza qayıtmaq xəyalı ilə yaşayırdı. Nəhayət, şanlı ordumuzun Qələbəsi nəticəsində işğal altında olan torpaqlarımız, eləcə də doğma Kəlbəcər rayonu da işğaldan azad olundu. Qələbədən bir il ötdükdən sonra evə gəldi və bizə dedi ki, doğma yurduma ezam edilmişəm. Bu xəbəri aldıqdan sonra hazırlıqlara başladı. Nəhayət, o gün çatdı, atam sabah tezdən yola düşdü və onlar doğma kəndimizə daxil olmağa az qalmış erməni daşnaklarının yerləşdirdiyi tank əleyhinə minanın partlaması nəticəsində atam və ikimedia nümayəndəsi həlak oldu...

Yazımızı Arif müəllimin kiçik oğlu Sərvan Əliyevin atasının timsalında şəhidlərimizin xatirəsinə söylədiyi şeirlə bitiririk: 


Hansı arzu-dilək apardı səni,

Vətəndə yurduna çatdın, qayıtdın.

Ruhunu tapşırdın ulu dağlara,

Qanını torpağa qatdın, qayıtdın.


Doyunca gəzmədin dağları, fəqət,

Belə yazılıbmış, yəqin ki, qismət.

Məqamın Şəhidlik, məkanın cənnət,

Ən uca məqama çatdın, qayıtdın.


Şəhid olub düşdün dildən-dillərə,

Qanınla rəng verdin əlvan güllərə.

Dağlar nə deyəcək sənsiz ellərə,

Gedər-gəlməz bir yol tutdun, qayıtdın.


Əzizlərin gedər bəzər dağları,

“Arif hanı?”deyib gəzər dağları.

Müqəddəs sayarlar məzar dağları,

Dağlarda əbədi yatdın, qayıtdın.


Anan birdə görməyəcək üzünü,

Oğlun Rəvan axtaracaqizini.

Balaların yolda qoydun gözünü,

Sevgilini oda atdın, qayıtdın.


Əli, taleyə bax, qədərə bir bax,

Sağkən bax budur cənnətə çatmaq.

Bacardın bu ətri o ətrə qatmaq,

Dağlarda güllərə batdın, qayıtdın!



     Cəmilə ÇİÇƏK

Tədqiqatçı jurnalist

Prezident təqaüdçüsü