“Sabah” növbəti tur çempion ola bilər - “Qarabağ” üçün üçüncülük təhlükəsi
19-apr, 12:48 2 İdman
Misli Premyer Liqasının lideri “Sabah” növbəti tur çempion ola bilər.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi əvvəlcə bunun üçün 29-cu turda “Karvan-Yevlax”a qalib gəlməlidir.
Daha sonra isə Valdas Dambrauskasın komandası “Qarabağ”ın “Neftçi”yə uduzmasını gözləməlidir. Əgər ağdamlılar məğlub olarsa, “Sabah”la xal fərqi 16-ya çıxacaq.
Bundan sonra “Qarabağ”ın təxirə salınmış “Neftçi” matçı ilə birlikdə 5 oyunu qalacaq. Ondan sonra Qurban Qurbanovun komandası 5 oyunu udsa da, cəmi aktivinə 15 xal yaza biləcək ki, bu da “Sabah”a çatmağa kifayət etmir.
“Qarabağ” üçün artıq çempionatda üçünclük təhlükəsi də var. Ağdam klubunu 3-cü pillədəki “Turan Tovuz”dan cəmi 1 xal ayırır.
Ağdamlıların ağır oyun qrafikini nəzərə alsaq, bu baş verə bilər. Son oyunlarda ardıcıl qələbələr qazanan tovuzlularda isə vəziyyət yaxşıdır.
Qurban Qurbanovun da etiraf etdiyi kimi komandasındakı yorğunluq və futbolçuların formada olmaması ikinciliyin də əldən verilməsinə gətirib çıxara bilər.
Çünki “Qarabağ”ı Azərbaycan kubokunun yarımfinalının cavab görüşündə “Sabah”la çətin oyun və son turlarda formada olan “Neftçi” ilə ardıcıl iki matç gözləyir.
Qurban Qurbanov ən azı yayda Avropa Liqasının təsnifat mərhələsinə qoşulmaq üçün bu matçlarda yaxşı nəticələrə imza atmalıdır.







