Əsmanı Britaniyada görmək istəmirlər

Britaniyanın “Mühafizəkarlar” partiyası Suriyanın sabiq lideri Bəşər Əsədin xanımı, Əsma Əsədi öz torpaqlarında görmək istəmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya KİV məlumat yayıb.
Rejim devrildikdən sonra Suriyadan qaçaraq Moskvaya sığınan Əsəd ailəsi İngiltərədə müzakirə mövzusudur.
Xüsusilə də Bəşər Əsədin Britaniya vətəndaşlığına malik həyat yoldaşı Əsma Əsəd tənqid hədəfinə çevrilib.
Belə ki, “Mühafizəkarlar” bu ölkədə də vətəndaşlığı olan Əsmanın geri dönüşünü Əsəd rejimi qurbanlarının xatirəsinə təhqir hesab edirlər.
Britaniyanın “Telqraf” nəşrinin məlumatına görə, məsələ parlamentdə də debata qoyulub və hökumətə çağırış edilib:
“Əsmanın Britaniyada dəbdəbəli həyat keçirməsinə icazə verməyin”.
Krallığın xarici işlər naziri Deyvid Lemmi daha əvvəl Əsma Əsədə qarşı qarşı sanksiyaların hələ də qüvvədə olduğunu bildirmişdi. Bununla belə, Əsmanın vətəndaşlıqdan çıxarılıb-çıxarılmaması hələlik dəqiq açıqlanmayıb.
Qeyd edək ki, Əsma Əl-Əsədin Böyük Britaniyadakı aktivləri 2012-ci ilin martında ərinin hakimiyyətinə qarşı artan etirazlar fonunda Aİ-nin sanksiya proqramı çərçivəsində dondurulmuşdu.
Britaniya səlahiyyətliləri Əsədin xanımı ilə bağlı Suriyada 13 il davam edən etirazlarda müharibə cinayətlərini təşviq etməsi və rejimə yardım etməsi ilə bağlı 2021-ci ildə istintaqa başlayıb. Əsma Əsədə qarşı Avropa İttifaqı və ABŞ-nin şəxsi sanksiyaları tətbiq edib.
Xatırladaq ki, Əsma Əsəd Londonda doğulub. Orada ABŞ-nin ən böyük banklarından olan “JP Morgan”da çalışıb.