Ərdoğan Azərbaycana yola düşüb
26-okt, 12:10 192 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.
R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşaiyət edirlər.
R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.