Müzəffər Ali Baş Komandan 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı
18-okt, 10:37 192 Cəmiyyət2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində iştirak etmiş seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına sadiqliyini nümayiş etdirdi. Azərbaycan xalqı seçki məntəqələrinə gələrək İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Əslində 15 oktyabrda seçki məntəqələrində əldə edilmiş nəticə oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin və öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsi ilə bağlı çağırışının məntiqi nəticəsi idi. Möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Onun siyasi fəlsəfəsinin əsasında müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, eləcədə vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz siyasətinin nəticəsi idi ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını onun hakimiyyətdə olduğu dövrdə daim artmışdır.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün xalqımız qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin nəticəsidir. Bu, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin uğurudur.
Yusifov Zaur, 259 saylı tam orta məktəbin direktoru