Bakıda vətəndaşa başqasının torpağını satdılar - DİN araşdırma aparır
19-mar, 12:04 525 ---Lerik rayon sakini Bakıda aldadılıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına rayon sakini Amid Qəribov bildirib.
Onun sözlərinə görə, Bakıda ona başqasının torpaq sahəsi satılıb:
“Sabunçu rayonu ərazisində üç sot torpaq satılırdı. Mən də kredit götürdüm və dörd min manatdan çox pul verdim. Daha sonra öyrəndim ki, başqasının torpaq sahəsini mənə satıblar. Məsələ barədə Nizami Rayon Polis İdarəsinə müraciət etsəm də, polis əməkdaşları məsələyə baxmırlar”.
Sakin çətin vəziyyətdə olduğunu bildirib:
“Fəhləlik edirəm və iki uşağım var. Bilmirəm onlara baxım, yoxsa kredit ödəyim. Sonuncu dəfə borc götürüb krediti ödəmişəm”.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək, 2024-cü ilin 12 mart tarixində 4 550 manat maddi vəsaitinin etibarından sui-istifadə edilməklə ələ keçirildiyini bildirib:
“Zərərçəkənin izahatı alınıb və o, pulu Sabunçu rayonunda təqdim etdiyini bildirib. İş üzrə toplanmış material araşdırmanın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə ərazi polis orqanına göndərilib. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”.
İlhamə Əbülfət