Baş leytenantın şəhid olarkən son sözü: “Görürsən, başıma göydən qırmızı güllər yağır”
08-okt, 16:00 210 CəmiyyətBu gün Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid baş leytenant İlkin Məmmədzadənin anım günüdür.
İlkin Məmmədzadə 1991-ci ilin 19 dekabrında Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıtdakı 42 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. “Xəmsə” və “Breyn Rinq” yaraışmalarında iştirak edib. 2012-ci ildə ali təhsilini qırmızı diplomla başa vurub. Daha sonra magistr təhsilinə yiyələnib.
Lakin İlkin Məmmədzadənin içində olan hərb sevgisi onu orduda xidmətə vadar edib. O, həqiqi hərbi xidmətdən bir neçə il sonra, 2016-cı ilin iyun ayında leytenant rütbəsində ordu sıralarına qatılır (tağım komandiri vəzifəsində). Daha sonralar isə baş leytenant rütbəsi alıb.
İlkin Məmmədzadə 2020-ci ilin oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına şəhid olub.
O, 2020-ci ilin oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Fatma Məmmədzadə, şəhidimizin anasıdır. Oğlu şəhid olandan sonra ananın saçları ağarıb, bununla belə o, oğlu ilə fəxr edir.
Fatma xanım oxu.az-a oğlu barədə təəssüratları bölüşərkən deyib ki, İlkin Məmmədzadə ömrünün 28 ilində ancaq ona fərəh və qürur yaşadıb.
“Mən oğlum dəfn olunarkən ona təşəkkür etdim. İlkin çox vətənpərvər idi, o, məzuniyyətə gələrkən birinci olaraq Şəhidlər Xiyabananı ziyarət edirdi, sonra evə gəlirdi”, - deyə F.Məmmədzadə bildirib.
Ana oğlunun evə son gəlişini xatırlayır, deyir ki, İlkin Məmmədzadə axırıncı dəfə evə 2020-ci ilin avqustun 6-da gəlib və 8-də gedib.
“Düz iki aydan sonra oğlum şəhid oldu”, - ana əlavə edib.
Fatma Məmmədzadə oğlunun döyüş yoldaşlarından onun necə şəhid olmasını da öyrənib. Ana bildirib ki, oğlunun döyüş yoldaşlarının dediyinə görə, İlkin Məmmədzadə düşmənin ikinci eşelonuna hücum zamanı yaralanıb.
“Oğlum əsgərlərinə deyib ki, səngərə birinci özü girəcək, amma elə olub ki, düşmən oğluma atəş açıb. Oğlum yaralanıb, döyüş yoldaşı Sahil Məmmədov ona yaxınlaşıb. İlkin Sahilə deyib ki, anasına zəng etsin və şəhid olduğunu bildirsin. Cəbhə yoldaşları isə “komandir siz şəhid olmamısınız, yaralanmısınız, sizi buradan çıxaracağıq” deyiblər. Oğlumu ərazidən çıxarıblar, tibbi yardım maşınına mindiriblər, ona qan vurublar. Ancaq oğlum yol boyu “anama xəbər edin ki, mən şəhid oldum” deyib”.
İlkin Məmmədzadə yaralı olarkən nə ağlayıb, nə də qışqırıb. Heç onun səsi də çıxmayıb, hər şeyi sakitcə, soyuqqanlılıqla qarşılayıb.
“Oğlum iki güllə yarası alıbmış, güllələrdən biri ciyərlərini dağıdıb. Tibbi yardım maşınında olarkən huşunu itirməyə başlayıb. Gözünü açıb, Sahilə deyib: “Görürsən, başıma göydən qırmızı güllər yağır”.
Demək ki, oğluma cənnətin qapıları açılıb. Cənnətə gedən yol Qarabağda imiş, biz bilməmişik. Allah bütün şəhidlərimizə cənnətin qapılarını açdı”, - deyə F.Məmmədzadə söyləyib.
İlkin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.