Meksikada iğtişaşlarda ölənlərin sayı - Açıqlandı
24-fev, 08:24 14 Dünya
Meksikada “El Menço” kimi tanınan “Xalisco Yeni Nəsil Karteli”nin (CJNG) liderinin öldürülməsindən sonra baş verən zorakı hadisələrdə 25 təhlükəsizlik işçisi də daxil olmaqla, 55 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bunu Meksikanın təhlükəsizlik və vətəndaşları qoruma naziri Omar Qarsiya Harfuç mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, “El Menço”nun ölümü sonrası 16 ştatda zorakı hadisələr qeydə alınıb. O, CJNG hücumları nəticəsində 25 təhlükəsizlik işçisinin öldüyünü və əməliyyatlarda 30 kartel üzvünün zərərsizləşdirildiyini vurğulayıb.
Nazir əlavə edib ki, 11 ştatda 85 avtomobil yolu bağlanıb, lakin təhlükəsizlik qüvvələrinin səyləri sayəsində əsas nəqliyyat arteriyaları yenidən fəaliyyətini bərpa edib.
Hadisələr turistlərə də təsir edib. 2026-cı il Dünya Kubokuna ev sahibliyi üçün namizəd şəhərlərdən olan Qvadalaxarada zooparka gələn təxminən 1000 turist evlərinə qayıda bilmədikləri üçün yolda qalıb. Hakimiyyət orqanları turistlərin daşınması və ərzaq təchizatı üçün 21 avtobus və 5 mikroavtobus göndərib.
Ölkənin aparıcı turizm mərkəzlərindən olan Puerto Vallarta şəhərində uçuşlar ləğv olunub, amerikalı müğənni Kali Uçinin konserti də daxil olmaqla, kütləvi tədbirlər dayandırılıb.
Əməliyyat zamanı öldürülən “El Menço”nun cəsədi Federal Dövlət Prokurorluğuna (FGR) məxsus anqardan Mexiko şəhərindəki məhkəmə ekspertizası institutuna ağır təhlükəsizlik tədbirləri altında daşınıb.
Xatırladaq ki, “El Menço”nun öldürülməsindən sonra kartel öz silahlılarının tam səfərbərliyini elan edib. Kartel hər öldürülmüş polis və ya hərbçiyə görə 1200 dollar mükafat vəd edib. Muzdlular ölkənin ən turistik bölgələrindən biri olan Xalisko ştatında yanğınlar törədib və yolları bağlayıblar. Əsasən Xalisko ştatında baş verən iğtişaşlar digər ştatlara da yayılıb. Qvadalaxara və Puerto-Valyarta hava limanları müvəqqəti olaraq bağlanıb.





