“Hörmüzdə 10 tankeri vurduq”
04-mar, 08:09 2 Dünya
“Hörmüz boğazında xəbərdarlıqlara məhəl qoymayan 10 neft tankerini vurduq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazı ilə bağlı bəyanatında deyilir.
Belə ki, İnqilab Keşikçiləri Korpusu ABŞ-İsrail hücumlarının başlanmasından sonra Hörmüz boğazında “keçid qadağandır” rejimi elan edildiyini bildirib.
Açıqlamada xəbərdarlıqlara məhəl qoymayaraq, boğazdan keçməyə cəhd edən 10-dan çox neft tankerinin müxtəlif sursatlarla vurulduğu və istifadəyə yararsız hala salındığı qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Hörmüz boğazının təhlükəli zona olduğu barədə dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, hərəkət edən gəmilərin hədəfə alındığı bildirilib.
İnqilab Keşikçiləri Korpusu əlavə edib ki, mövcud şəraitdə Hörmüz boğazı müharibə zonasına çevrilib və raketlər, eləcə də, pilotsuz uçuş aparatları vasitəsilə gəmilərə zərbə endirilməsi ehtimalı yüksəkdir.
“Hörmüz boğazından keçməyə çalışan hər bir gəmi yandırılacaq”, – deyə açıqlamada bildirilir.
Bundan əvvəl İran donanması ABŞ-İsrail hücumları səbəbindən Hörmüz boğazından keçidin bağlandığını elan etmişdi.




