Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi
12-yan, 11:59 1 Gündəm / İdman
10 yanvar 2026-cı il tarixində Arpaçay İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. Tədbirdə birliyin rəhbərliyi, idarə heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin tanınmış nümayəndələri və media təmsilçiləri iştirak edib.
İclası açan Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov qonaqları salamlayaraq birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Daha sonra birinci vitse-prezident Yavər Hüseynov ötən ilki fəaliyyət və yeni layihələr barədə danışaraq, Arpaçay İdman Birliyi ilə Azərbaycan Kung-Fu Federasiyasının rəhbərliyi arasında əməkdaşlıq barədə razılığın əldə olunduğunu bildirib.
Qeyd edək ki, 17 dekabr 2025-ci il tarixində Arpaçay İdman Birliyinin tərkibində “Combat” Peşəkar Döyüş Liqasının yaradılması qərara alınıb. Qərara əsasən, Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçiliblər. İlk çempionatın 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır.
Tədbirdə çıxış edən Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman siyasətinə dəstək göstərməsinin ölkədə idmanın inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Kung-Fu Federasiyasının rəhbərliyi də tədbirdə iştirak edib:
Nurlan Aslanov – prezident
Babək Əliyev – birinci vitse-prezident
Ehram Məcidov – ümumi işlər üzrə vitse-prezident
Güloğlan Cabbarlı – hakimlər kollegiyasının sədri
Onlar əməkdaşlığın idman ictimaiyyəti üçün faydalı olacağını qeyd edərək, gələcəkdə yüksək səviyyəli yarışların keçirilməsində fəal iştirak edəcəklərini bildirib.
Tədbirdə digər görkəmli idman nümayəndələri də çıxış ediblər:
Vüqar İskəndərov – Milli Məclisin İdman Komitəsinin üzvü
Xəzər İsayev – Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri
Allahverdi Rüstəmov – Azərbaycan Karate Federasiyasının vitse-prezidenti
Rafael Ağayev – karate üzrə beşqat dünya çempionu
Hacı Əliyev – sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı
Azad Əsgərov – MMA və Qrapplinq Federasiyasının prezidenti
Emin Əliyev – Zeyd Döyüş Mərkəzinin prezidenti
Onlar Arpaçay İdman Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, “Combat” Liqasının uğurlu fəaliyyətinə dəstək verəcəklərini bildiriblər.
Ehram Məcidov çıxışında vurğulayıb ki, Azərbaycanda kifayət qədər güclü idmançılar mövcuddur və Liqanın təşkil edəcəyi tədbirlərdə onların peşəkar səviyyədə hazırlanması və yarışlara qatılması federasiya tərəfindən yaxından izlənəcək. Qeyd edək ki, Ehram Məcidov 5 qat dünya çempionu kimi Azərbaycan idmanının qürur mənbəyidir.
Arpaçay İdman Birliyi və “Combat” Peşəkar Döyüş Liqasının əsas məqsədi ölkəmizdə idmanın inkişafını davam etdirmək, peşəkar idmançıların beynəlxalq arenalarda layiqli təmsil olunmasını təmin etmək və Kung-Fu Federasiyası ilə əməkdaşlıq çərçivəsində yüksək səviyyəli tədbirlər təşkil etməkdir.
Arhd.az





