Ceyhun Bayramov britaniyalı nazirlə nələri müzakirə edib?
22-fev, 15:24 167 Gündəm22 fevral 2023-cü il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Görüş zamanı neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin dinamik şəkildə inkişaf etdiyini, rəsmi təmasların və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir ölkələrimiz arasında enerji sahəsində əlaqələrin xüsusi əhəmiyyətini qeyd edərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyasli enerji layihələri haqqında ətraflı məlumat verib və onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib. Böyük Britaniyanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub. Eyni zamanda, Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub. Ölkələrimiz arasında təhsil sahəsində uğurlu əməkdaşlığın daha da inkişafının vacib olduğu bildirilib.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.
Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib.
Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb. Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb.
Böyük Britaniyanın dövlət naziri Leo Dokerti öz növbəsində ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12:44
“Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır”
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti sosial şəbəkə hesabında qeyd edib.
O, hazırda Azərbaycanda səfərdə olduğunu və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdüyünü bildirib.
Britaniyalı nazirin sözlərinə görə, o, söhbət əsnasında ölkəsinin regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayıb.