"Böyük Dəbilqə" turniri: Bu gün dörd cüdoçumuz mübarizəyə qoşulur

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" yarışları çərçivəsində bu gün Azərbaycanı təmsil edən dörd cüdoçu mübarizəyə qoşulacaq.
 Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
 Məlumata əsasən, kişilər arasında keçirilən yarışlarda 73 kq çəkidə çıxış edən Kamran Süleymanov 1/32 finalda Yaponiyadan olan rəqibi Şusuke Uçimura ilə güləşəcək.
 81 kq çəki dərəcəsindəki təmsilçimiz Ömər Rəcəbli isə 1/16 final mərhələsində Rumıniya idmançısı Adrian Sulka ilə qarşılaşacaq.
 Qadın cüdoçuların turnirində 63 kq çəkidə yarışan Fidan Əlizadə 1/16 finalda meydan sahibi - özbəkistanlı Sevinç İsokova ilə üz-üzə gələcək.
 Digər idmançımız Südabə Ağayeva (70 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Kamila Badurova ilə rəqabət aparacaq.
 Xatırladaq ki, Daşkənddəki "Böyük Dəbilqə" turniri martın 1-də yekunlaşacaq.